Tbilisidə tramvay xəttinin layihələndirilməsi və tikintisi üçün tender elan edilib
Tbilisinin Nəqliyyat Şirkəti tramvay xəttinin layihələndirilməsi və tikintisi haqda tender elan edib. Tbilisinin meri Kaxa Kaladzenin bu gün paytaxt hökumətinin iclasında dediyi kimi, tender Didi Diğomi ilə Didubeni birləşdirən tramvay xəttinin tikintisi üçün zəruri layihə-smeta sənədlərinin tərtib edilməsini və tikinti/montaj işlərinin aparılmasını nəzərdə tutur.
“Tramvayın Tbilisiyə qaytarılması haqda seçkiqabağı vədimiz hər kəsin yaxşı yadındadır. Bu gün sizə Tbilisinin Nəqliyyat Şirkətinin tramvay xəttinin layihələndirilməsi və tikintisi haqda tender elan etməsi ilə bağlı məlumat vermək istərdim. Tender Didi Diğomi ilə Didubeni birləşdirən tramvay xəttinin tikintisi üçün zəruri layihə-smeta sənədlərinin tərtib edilməsini və dırnaqarası “Design Build” metodu ilə tikinti/montaj işlərinin aparılmasını nəzərdə tutur” – Kaxa Kaladze bildirib.
O bildirib ki, Davit Ağmaşenebeli xiyabanı və Diğomi massivindən keçməklə metronun “Didube” stansiyasına bitişik əraziyə qoşulacaq tramvay xətti Didi Diğominin 3-cü və 4-cü mikrorayonlarının kəsişməsindən başlayacaq.
“Tramvay xəttinin tikintisinin məqsədi Didi Diğominin sakinlərini metropolitenlə birləşdirməkdir, nəticədə şəhər mərkəzinə hərəkət daha sürətli və rahat olacaq. Tramvay xəttinin təxmini uzunluğu 7.5 km olaraq müəyyən edilib və burada 11 dayanacaq yerləşəcək. Qeyd olunan tender, bilavasitə xəttin layihələndirilməsi və tikintisindən başqa, depo inşasını da əhatə edir. Depo 10 (+1) tramvay tərkiblərinin xidmət və istismarı üçün nəzərdə tutulacaq. Depoda əsas və köməkçi (təcili-təxliyə) giriş-çıxışlar, tramvay tərkibinin qapalı dayanacağı, inzibati bina, istehsalat (servis mərkəzi) binası, yuma tikilisi, kateqoriyalara görə anbar təsərrüfatları inşa olunacaq. Tramvay xəttinin saz vəziyyətdə fəaliyyəti üçün zəruri olan bütün mühəndis kommunikasiya sistem və şəbəkələri qurulacaq” – Kaxa Kaladze bildirib.
Paytaxtın meri dekabrın sonunda başa çatacaq tenderdə bir çox şirkətin iştirak edəcəyinə ümid etdiyini bildirib. Qalib şirkətə layihəni həyata keçirmək üçün 36 ay vaxt veriləcək.