Tbilisidə “Starbucks”ın birinci obyekti rəsmən açıldı
Tbilisidə “Starbucks”ın birinci obyekti açıldı. Dünyanın ən məşhur qəhvə brendlərindən biri Gürcüstan bazarında fəaliyyətə başlayıb. Brendi Gürcüstana Avrasiya və Yaxın Şərq bazarlarında “Starbucks”ın franşiza sahibi olan “Alshaya Group” gətirib.
Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.
Açılış tədbirində iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili, icraedici hakimiyyət və biznes sektorunun nümayəndələri, eləcə də “Alshaya Group”un rəhbər şəxsləri iştirak ediblər.
İrakli Nadareişvilinin sözlərinə əsasən, “Starbucks”ın ölkəyə daxil olması beynəlxalq biznes ictimaiyyətinə Gürcüstanda investisiya və biznesin inkişafı üçün cəlbedici və rəqabətədavamlı mühitin mövcudluğu barədə mesajdır.
“Bu, Gürcüstan hökumətinin ildən-ilə təmin etdiyi investisiya və biznes mühitinə olan etimadın elan olunmasıdır. Son on il ərzində Gürcüstan, ölkələrin biznes və investisiya baxımından cəlbediciliyini müəyyən edən aparıcı beynəlxalq reytinqlərdə sabit şəkildə liderlik edir. “Starbucks” adi bir şirkət deyil, o, dünyanın 80-dən çox ölkəsində təxminən 40 000 filialla təmsil olunan qlobal bir brenddir” – İrakli Nadareişvili qeyd edib.
“Starbucks”ın Gürcüstana gəlişi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin İnvestisiyalar Agentliyi, Gürcüstanın Xarici İşlər Nazirliyi və Gürcüstanın Küveytdəki səfirliyinin iştirakı ilə həyata keçirilib.
Rəmzi açılış lentini iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili, İnvestisiyalar Agentliyinin sədri Mixeil Xidureli, “Alshaya Group”un icraçı sədri Mohamed Alşaia, şirkətin icraçı direktoru Con Haden, “Starbucks Alshaya”nın prezidenti Saleh Alşaia və “Starbucks EMEA”nın regionunun prezidenti Dunkan Moiri birlikdə kəsiblər.