Tbilisidə beş avtomobilin qarət edilməsi faktı üzrə bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları avtomobillərin qarət edilməsi ittihamı ilə əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan, 1984-cü il təvəllüdlü N.A.-nı saxlayıblar.
DİN-in məlumatına görə, iş üzrə aparılmış istintaq hərəkətləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Vake-Saburtalo rayonu ərazisində beş avtomobili qarət edib və hadisə yerindən qaçıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin yaşayış evində aparılan axtarış zamanı oğurluq yolu ilə qanunsuz mənimsənilmiş əşyaların bir hissəsini maddi sübut kimi götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci hissəsi ilə aparılır ki, bu da beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə DİN-in məlumatında bildirilir.