Tbilisidə Aleksandr Çavçavadze küçəsinin yenidən qurulmasına başlanılır
Mtatsminda rayonunun icra hakimiyyəti Aleksandr Çavçavadze küçəsinin yenidən qurulmasına başlayır.
Tbilisi meri Kaxa Kaladzenin bu gün şəhər hökumətinin iclasında verdiyi məlumata görə, layihə çərçivəsində uzunluğu 321 metr olan küçədə yol və piyada infrastrukturu tamamilə yenilənəcək.
Onun sözlərinə görə, təmir-bərpa işləri ümumilikdə 30 405 kvadratmetr ərazini əhatə edəcək.
“İşlər başa çatdıqdan sonra mövcud daş döşəmə üçqat asfalt örtüklə əvəzlənəcək. Həmçinin bordür və səkilər salınacaq, dirəklər və məhəccərlər quraşdırılacaq. Mövcud infrastruktur mümkün qədər fiziki məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılacaq.
Layihə çərçivəsində köhnəlmiş yeraltı kommunikasiya şəbəkəsi tamamilə dəyişdiriləcək. Qaz xətləri yenilənəcək, elektrik və internet kabelləri yeraltına yerləşdiriləcək. LED işıqlandırma sistemi ilə təchiz olunmuş işıq dirəkləri quraşdırılacaq”, – deyə Kaxa Kaladze bildirib.
Merin sözlərinə görə, kommunikasiya xətlərinin qaydaya salınması işlərinə “Georgian Water and Power” şirkəti də cəlb olunacaq. Küçə boyunca isə yeni yaşıllıqlar salınacaq.