Tbilisidə 70 000 azarkeş üçün nəzərdə tutulmuş yeni stadion hava limanı yaxınlığında inşa olunacaq
Tbilisidə yeni stadionun tikintisini dəstəkləmək məqsədi ilə yaradılmış komissiya 70 000 azarkeş tutumlu stadionun tikintisi üçün ərazini müəyyənləşdirib. Yeni stadion hava limanının yaxınlığında, Lugar Araşdırma Mərkəzi ilə Qara Dəniz Universiteti arasında tikiləcək.
Baş nazir İrakli Kobaxidzenin imzası ilə təsdiqlənmiş hökumət qərarına əsasən, bu meqalayihənin tikintisini Bələdiyyə İnkişaf Fondu həyata keçirəcək. Qərarda digər dövlət qurumlarının da görəcəyi tədbirlər müəyyənləşdirilib.
Yeni stadion Gürcüstanda ali səviyyəli futbol və reqbi turnirlərinə ev sahibliyi etmək imkanı yaradacaq və bu idman növlərinə əlavə investisiyalar cəlb edəcək.
Bundan əlavə, stadion yalnız idman tədbirlərinə deyil, həm də yüksək səviyyəli konsert infrastrukturu və konvensiya mərkəzi üçün də əsas olacaq.
Yeni çoxfunksiyalı stadionun konsepsiyası UEFA ekspertləri ilə birlikdə hazırlanır.
Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.