Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyi: Epidemioloji risklərin qarşısının alınması məqsədilə yeddi uşaq bağçasında tədris prosesi dayandırılıb, 183 bağça isə fəaliyyətini davam etdirir
Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyi uşaq bağçalarında baş verən intoksikasiya halları ilə bağlı açıqlama yayıb.
Agentliyin məlumatına görə, epidemioloji risklərin qarşısını almaq məqsədilə Tbilisidə yeddi dövlət uşaq bağçasında təlim-tərbiyə prosesi dayandırılıb. Qalan 183 bağça isə fəaliyyətini davam etdirir.
“Tbilisinin bir neçə dövlət uşaq bağçasında qeydiyyatda olan uşaqlarda yüksək hərarət, bəzi hallarda isə ürəkbulanma və qusma müşahidə olunub. Onlar müxtəlif klinikalara müraciət ediblər.
Epidemioloqların tövsiyəsi və qanunvericiliyin tələblərinə uyğun olaraq, epidemioloji risklərin qarşısının alınması məqsədilə yeddi dövlət uşaq bağçasında təlim-tərbiyə prosesi dayandırılıb. Qalan 183 bağça isə fəaliyyətini davam etdirir.
Agentlik bütün aidiyyəti qurumlarla, o cümlədən Tbilisi Epidemioloji Nəzarət Xidməti, Milli Qida Agentliyi, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti və Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzlə koordinasiyalı şəkildə bütün zəruri tədbirləri həyata keçirir”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, İstintaq Xidməti 20 uşaq bağçasında baş verən intoksikasiya halları ilə bağlı araşdırmaya başlayıb.