Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyi bağçalarda baş verən zəhərlənmə halları ilə bağlı növbəti açıqlamasını yayıb
Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyi bağçalarda baş verən zəhərlənmə halları ilə bağlı növbəti açıqlamasını yayıb.
Açıqlamada bildirilir ki, 184 uşaq bağçasında təlim-tərbiyə prosesi adi qaydada davam etdirilir.
Bununla yanaşı, Agentliyin məlumatına görə, gün ərzində uşaq bağçası şagirdlərinin klinikalara müraciətlərinin sayında artım qeydə alınmayıb.
“İctimaiyyətin yüksək marağını nəzərə alaraq bildiririk ki, Tbilisidəki uşaq bağçalarının böyük əksəriyyətində, konkret olaraq 184 bağçada təlim-tərbiyə prosesi adi qaydada davam edir, uşaqlara qayğı göstərilir və qida məhsullarının qəbulundan son istehlaka qədər bütün mərhələlərdə qidalanma təmin olunur. Gün ərzində uşaqlar arasında heç bir xəstələnmə halı qeydə alınmayıb. Hazırda məktəbəqədər təhsil üzrə bələdiyyə xidmətinin göstərilməsi xəstələnmə ilə bağlı bir neçə halın qeydə alındığı yeddi uşaq bağçasında müvəqqəti olaraq dayandırılıb.
Tam məsuliyyətlə bəyan edirik ki, uşaq bağçalarına məhsulların gətirilməsi, anbarlarda saxlanması, hazırlanması və uşaqlara təqdim edilməsi qaydaları təhlükəsiz və standartlara uyğun qidanın təmin olunması məqsədilə hər gün ciddi nəzarətdən keçirilir. Həmçinin sanitar-gigiyena normalarına və tələblərinə ciddi şəkildə əməl olunur.
Tbilisi uşaq bağçalarında uşaqların qida ilə təmin edilməsi sistemi uzun illərdir yerli və beynəlxalq standartlara cavab verir. Uşaq bağçalarında HACCP standartı tətbiq olunur ki, bu da istehsalçıdan son istehlakçıya qədər təhlükəsiz qida tədarük zəncirini təmin edir. Uşaq bağçasına daxil olan hər bir məhsul laboratoriya analizlərinin protokolları və digər zəruri sənədlərlə müşayiət olunur. Bundan əlavə, ayrı-ayrı məhsullardan müəyyən müddət ərzində nümunələr saxlanılır.
Qeyd edək ki, təlim-tərbiyə prosesinin başlamasından əvvəl uşaq bağçalarının mətbəx və qida blokları həm Qida Təhlükəsizliyi Agentliyinin ekspertləri, həm də Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyinin monitorinq şöbəsinin mütəxəssisləri tərəfindən yoxlanılır. Mütəxəssislər bağçalardakı şəraiti, məhsul anbarlarını, temperatur rejimini, məhsulların keyfiyyətini, istifadə müddətlərini və digər məsələləri də yoxlayırlar.
Bir daha bildiririk ki, gün ərzində uşaq bağçası şagirdlərinin klinikalara müraciətlərinin sayında artım qeydə alınmayıb.
Son 24 saat ərzində qeydə alınan müraciətlərə və xəstələnmənin mümkün səbəblərinə gəlincə, məsələ hazırda araşdırılır. Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyi mütəxəssislərin rəyini gözləyir. Bundan sonra əlavə açıqlamalar veriləcək”, – deyə açıqlamada qeyd olunur.