Tbilisi Şəhər Məhkəməsində qrup halında zorakılığın təşkilində ittiham olunaraq saxlanılan səkkiz nəfərin işinə mahiyyəti üzrə baxılır
Tbilisi Şəhər Məhkəməsində qrup halında zorakılığın təşkilində ittiham olunaraq saxlanılan “Dafioni”nin təsisçisi Zviad Tsetsxladze və daha 7 nəfərin işinə mahiyyəti üzrə baxılır.
Səkkiz təqsirləndirilən şəxsdən yalnız biri İnsaf Əliyev susmaq hüququndan istifadə etdiyini bildirib, digərləri isə özlərini təqsirli görmədiklərini qeyd ediblər.
Nikoloz Cavaxişvilinin vəkili Elquca Avsacanişvili tərəflərin bu gün giriş nitqi ilə çıxış edəcəklərini bildirib. Onun sözlərinə görə, hakim Tamar Mcedlişvili müddətləri pozmaqla işə mahiyyəti üzrə baxılması üçün iclas təyin edib. Onun izahatına əsasən, məzuniyyət arqumenti ilə, qanunla müəyyən edilmiş 14 günlük müddətdə iclas təyin edilməyib. Bundan başqa, vəkillərin zalla bağlı da iradları var. Onların izahatına əsasən, üçüncü zal səkkiz nəfərlik işin iclası üçün çox kiçikdir və onların dəstəkçiləri tam iştirak edə bilmirlər. Bununla yanaşı, onlar bildiriblər ki, vəkillərin fəaliyyətinin icrası qismən məhdudlaşdırılıb.
Prosesdə həbsi siyasi adlandıran məhbusların ailə üzvləri də iştirak edirlər.
Zviad Tsetsxladze, Vepxia Kasradze, Vasil Kadzelaşvili, İrakli Miminoşvili, Qiorqi Qorqadze, İnsaf Əliyev, Tornike Qoşadze və Nikoloz Cavaxişvili 225-ci maddə ilə ittiham olunurlar. Bu isə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etmə və ya iştirakı nəzərdə tutur. Onları 2024-cü ilin dekabrında saxlayıblar.