Tbilisi Şəhər Məhkəməsi Qriqol Liluaşvili barəsində qətimkan tədbirinin seçilməsi məsələsini qapalı rejimdə müzakirə edir
Tbilisi Şəhər Məhkəməsi Qriqol Liluaşvili barəsində qətimkan tədbirinin seçilməsi məsələsini qapalı rejimdə müzakirə edir

 

Tbilisi Şəhər Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvili barəsində qətimkan tədbirinin seçilməsi məsələsini qapalı rejimdə müzakirə edir.

Qriqol Liluaşvilinin ittiham aktına hakim Arsen Kalatozişvili baxır, Qriqol Liluaşvilinin özü iclasda iştirak etmir.

Məhkəmə prosesi başlamazdan əvvəl Liluaşvilinin vəkili Robert Qriqalaşvili müvəkkilinin bəyanatını oxudu və bəyanatda Liluaşvili prosesə qatılmamasının səbəbini izah edir.

“Barəmdə cinayət təqibi başlanıb. Bildiyim qədərilə, bu gün ittiham tərəfi qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciət edəcək. Hesab edirəm ki, 24 saat ərzində işin materialları ilə fiziki olaraq tanış ola bilməyəcəyəm. Məhkəməyə hörmətimi bildirirəm, lakin işin materialları ilə tanış olana qədər iclasda iştirak etmək istəmirəm. Mənim maraqlarımı vəkilim qoruyacaq” – bəyanatda qeyd olunub.

Bununla yanaşı, ittiham tərəfi iclasın bağlanmasını tələb edib. Prokuror Mariam Berdzenişvilinin sözlərinə əsasən, təqsirləndirilən şəxsə qarşı birbaşa dəlillər mövcuddur.

“Şahidlər dindirilib. Şahidlərin adlarını, soyadlarını və verdikləri məlumatları açıqlamamaq, onlara təhlükə yaratmamaq üçün prokurorluq iclasın bağlanmasını tələb etdi” – prokuror qeyd edib.

Məlumat üçün bildirək ki, Gürcüstan Prokurorluğu dünən Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvilini saxlayıb. Prokurorluğun məlumatına əsasən, Qriqol Liluaşviliyə ittiham Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “q” yarımbəndi və üçüncü hissəsinin “e” yarımbəndi ilə irəli sürülüb, bu, qabaqcadan əlbir olan qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət almaq deməkdir və cəza şəklində 11 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.