Tbilisi Şəhər Məhkəməsi Miranda Bağaturia və Ana Ğuraşviliyə 4000-4000 lari cərimə kəsib
Tbilisi Şəhər Məhkəməsi “Axali” və “Qirçi – Daha Çox Azadlıq” partiyalarının mətbuat xidmətinin nümayəndələri Miranda Bağaturia və Ana Ğuraşviliyə 4000-4000 lari cərimə kəsib.
Miranda Bağaturia və Ana Ğuraşvili İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsinin 2-ci hissəsi əsasında polisi təhqir etməkdə ittiham olunurdular. İttiham tərəfi həbs qətimkan tədbirinin seçilməsini tələb edirdi.
Hakim tərəfindən hökmün elan edilməsindən sonra Ana Ğuraşvili özünü təqsirli bilmədiyini deyib.
“Mənə 4000 lari cərimə kəsdilər. Mən hələ də özümü günahkar hesab etmirəm, onların məni ittiham etdikləri əməli törətməmişəm. Həmin an fiziki olaraq orada olmamışam. Rejim özünü elə aparır ki, fəal insanları cəzalandırmaq istəyir, lakin qorxudulmuşdan daha çox qəzəbliyəm və 100 qat daha çox mübarizə aparacağam” – Ana Ğuraşvili bildirib.
Miranda Bağaturia, məhkəmənin qərarının polis əməkdaşı Mirian Kavtaradzenin sifarişi olduğunu deyib.
“Bu, birbaşa yalançı şahid Mirian Kavtaradzenin sifarişi idi. Bax, burada dayanıb, proses gedərkən həyətdə avtomobildə idi. Özünün qul şahidlərini gətirmişdi və onlara nəzarət edirdi. Amma əsas olan odur ki, heç biri adımı çəkə bilmədi. Həbsi çox istəyirdilər, lakin kənarda nə baş verdiyini başa düşdülər, prosesdə çox insan var idi və etmədilər, lakin Daxili İşlər Nazirliyi məni və Ana Ğuraşvilini həbsə göndərməyi çox istəyirdi” – Miranda Bağaturia bildirib.