Tbilisi Şəhər Məhkəməsi Giorgi Xaindrava, Vladimer Quduşauri və Vasil Mxeidzeyə həbs qətimkan tədbiri seçdi
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə nazirinin müavini Giorgi Xayndrava, Müdafiə Nazirliyinin keçmiş satınalmalar departamentinin rəhbəri Vladimer Quduşauri və sabiq müdafiə naziri Cuanşer Burçuladzeyin qaynı Vasil Mxeidzeyə qarşı qətimkan tədbiri olaraq həbs seçdi.
İş üzrə ilkin məhkəmə iclası 17 sentyabr tarixində təyin olunub.
Məhkəmə iclasında prokurorluq hər üç şəxs üçün həbs qətimkan tədbirinin seçilməsini tələb edirdi. Səbəb olaraq sübutların məhv edilməsi, şahidlərə təzyiq göstərilməsi və istintaqa maneə törədilməsi, eləcə də təkrar cinayət ehtimalı göstərilirdi.
Müdafiə tərəfinin vəkilləri isə bu arqumentlərlə razı deyildilər. Vladimer Quduşaurinin vəkili məhkəməyə 100 000 lari məbləğində girov təklif etdi. Giorgi Xayndravanın vəkili isə 100 000 lari və ya 200 000 laridən artıq dəyəri olan əmlakın üzərinə həbs qoyulmasını təklif etdi. Vasil Mxeidzeyin vəkili də 100 000 lari məbləğində girov təqdim etdi.
Məlumat üçün bildirək ki, keçmiş müdafiə nazirinin müavini Giorgi Xayndrava, Müdafiə Nazirliyinin keçmiş satınalmalar departamentinin rəhbəri Vladimer Quduşauri və sabiq müdafiə nazirinin qaynı Vasil Mxeidzeyə vəzifə səlahiyyətlərindən istifadə etməklə Müdafiə Nazirliyinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və mənimsəməyə yardım etmə ittihamı irəli sürülüb.
Quduşauri və Giorgi Xayndrava külli miqdarda vəsaiti mənimsəməkdə, Vasil Mxeidze isə bu mənimsəməyə yardım etməkdə ittiham olunur.