Tbilisi Şəhər Məhkəməsi Elene Xoştarianı bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib
Tbilisi Şəhər Məhkəməsi Elene Xoştarianı bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib

 

Tbilisi Şəhər Məhkəməsi “Droa”nın lideri Elene Xoştarianı bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Elene Xoştaria qərarın elan edilməsində iştirak etməyib. Həmçinin, siyasətçi etiraz əlaməti olaraq heç bir məhkəmə prosesində iştirak etməyib.

Elene Xoştarianın vəkili bildirib ki, Xoştaria bu işi cinayət işi hesab etmir və onu siyasi motivli adlandırır. Vəkilin qeyd etdiyi kimi, o, məhkəməyə yazılı şəkildə müraciət edib və prosesdə iştirak etmək istəmədiyini, məhkəməni və “Gürcü Arzusu”nun heç bir qurumunu tanımadığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Xoştarianı 2025-ci ilin sentyabrın 15-də saxlayıblar. Onun barəsində ittiham Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə irəli sürülüb, bu da başqasının əşyasına əhəmiyyətli zərər dəyməsinə səbəb olan ziyan vurmaq deməkdir.

Hadisə sentyabrın 14-də Kaxa Kaladzenin seçki qərargahının yaxınlığında baş verib. Elene Xoştaria Kaxa Kaladzenin bannerinə “rus arzusu” yazısını yazıb. Siyasətçinin özü müvafiq videonu sosial şəbəkədə yayıb və bildirib ki, bu yolla məhz Kaladzenin seçki bannerinə zərər vurması faktına görə saxlanılan və daha sonra isə girov müqabilində azadlığa buraxılan Meqi Diasamidze ilə həmrəylik ifadə edir.

Məhkəmə Kaxa Kaladzenin seçki bannerinə zərər vurmaqda ittiham olunan siyasətçi Elene Xoştaria barəsində qətimkan tədbiri olaraq 5000 lari girov təyin edib. Siyasətçi girovu ödədikdən sonra həbs müəssisəsini tərk edə bilərdi, lakin Xoştaria girovu ödəməkdən imtina edib.