Tbilisi miqyasında zədələnmiş yol infrastrukturu yaxın vaxtlarda, gecə saatlarında qaydaya salınacaq

16:35, 20.05.2026

 

Paytaxt miqyasında zədələnmiş yol infrastrukturunun bərpası yaxın vaxtlarda, əsasən gecə saatlarında həyata keçiriləcək – bu barədə Tbilisi Munisipalitetinin hökumətinin iclasında paytaxt meri Kaxa Kaladze bəyan edib.

Onun sözlərinə əsasən, bütün şəhər miqyasında müvafiq layihələri icra edəcək qalib şirkət artıq müəyyən olunub.

“Qış mövsümündən bəri əlverişsiz hava şəraiti və temperaturun kəskin dəyişməsi paytaxtda yol infrastrukturuna ciddi ziyan vurub. Konkret yol sahələri var ki, zədələnib və zəruri müdaxilə tələb edir. Biz bu istiqamətdə tender elan etmişdik, artıq qalib şirkətimiz var. Yol infrastrukturunun paytaxt miqyasında qaydaya salınması üçün həmin şirkət bütün şəhər miqyasında, xüsusən də gecə saatlarında, təkcə mərkəzi küçələrdə deyil, həm də məhəllədaxili yollarda da müvafiq işlər həyata keçirəcək” – Kaxa Kaladze bildirib.

Tbilisinin meri əhaliyə iştiraklarına və dəstəyə görə təşəkkür edib.

“Zədələnmiş sahələrin bərpasına gəlincə, işlər əsasən gecə saatlarında aparılacaq, bu da səs-küy şəklində müəyyən narahatlıq yaradacaq, lakin bu, uzun çəkməyəcək. Gün ərzində yolun bağlanmasının çox böyük problemlərə yol açmasını və eyni zamanda işlərin paralel olaraq bir neçə küçədə aparılacağını nəzərə alsaq, müvafiq olaraq yalnız gecə saatlarında işləmək məcburiyyətində qalacağıq” – Kaxa Kaladze bildirib.

Oxşar