Tbilisi Meriyası – Rustaveli prospektində bu mərhələdə bütün növ yeraltı kommunikasiyalar dəyişdirilir, su və qaz təchizatı şəbəkələrində işlər aparılır, drenaj sistemi qurulur
default
Tbilisi Meriyası, Şota Rustaveli prospektinin miqyaslı bərpasının aktiv fazada olduğuna dair məlumat verir. Onların verdiyi məlumata əsasən, Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidmətinin Tamar Covelidze küçəsinin kəsişməsindən Azadlıq meydanınadək olan yol sahəsində gördüyü işlər 24 saatlıq rejimdə həyata keçirilir.
Tbilisi Meriyası tərəfindən yayılmış məlumatda qeyd olunduğu kimi, bu mərhələdə prospektdə bütün növ yeraltı kommunikasiyalar dəyişdirilir, su təchizatı, kanalizasiya və qaz təchizatı şəbəkələrində işlər aparılır. Paralel olaraq isə drenaj sistemi qurulur.
Gedən işlərlə Tbilisinin meri Kaxa Kaladze merin müavini Andria Basilaia ilə birlikdə tanış olub.
“Çox ağır vəziyyətdə olan və prospektdəki yaşayış evləri və yol infrastrukturu üçün çox böyük problem yaradan yeraltı kommunikasiyaların yenilənməsi gedir. İlk növbədə istəyirik ki, sentyabr ayınadək Covelidze küçəsindən Elbakidze yoxuşu olaraq bilinən əraziyə qədər olan yol sahəsi nizama salınsın, asfaltın alt təbəqələri salınsın ki, avtomobillərlə hərəkət etmək mümkün olsun. İşlər dörd ay ərzində fəal şəkildə aparılacaq və noyabrın sonunda başa çatacaq. Rustaveli prospekti tamamilə yenilənmiş və gözəlləşdirilmiş olacaq” – Kaxa Kaladze bildirib.
Hazırda səkilərdə yerüstü naqillərin yerləşdiriləcəyi yeraltı kabel kanalları qurulur. Piyada hissəsində mövcud məhəccərlərin, plitələr və müxtəlif infrastruktur detallarının sökülməsi işləri aparılır. Həmçinin, sonradan hidroizolyasiya işlərinin aparılması üçün yeraltı keçidlərin qruntlardan təmizlənməsi prosesi gedir.
Tbilisi Meriyasının məlumatına əsasən, yeraltı kommunikasiya şəbəkələrinin tam bərpasından sonra işlər yol infrastrukturunun yenilənməsi ilə davam etdiriləcək.
“Xüsusilə, təbii plitələrlə üzlənəcək səkilər yenilənəcək və yolun hərəkət hissəsinə isə asfalt örtüyü döşənəcək. Təhlükəsizlik adacıqları və zebra keçidləri təşkil olunacaq. Həmçinin işıqforlar və müvafiq yol nişanları quraşdırılacaq.
Bundan başqa, prospektdə yeraltı tullantı konteynerləri quraşdırılacaq, küçə işıqlandırma şəbəkəsi qurulacaq, bərpa işlərinin yekun mərhələsində isə yaşıllaşdırma işləri həyata keçiriləcək.
Ərazidə paytaxtın meri ilə birlikdə Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidmətinin rəhbəri Qiorqi Abutidze, Nəqliyyat və Şəhərsalma İnkişafı Agentliyinin rəhbəri Nino Baqaşvili və Mtatsminda rayonunun icra başçısı Davit Kirkitadze olublar” – Tbilisi Meriyasının məlumatında qeyd olunur.