Tbilisi Meriyası 2026-cı ildən tarixi qəzalı binaların dəyişdirilməsi proqramına başlayır
Tbilisi Meriyası 2026-cı ildən tarixi qəzalı binaların dəyişdirilməsi proqramına başlayır

 

2026-cı ildən Tbilisinin tarixi hissəsində qəzalı bina-tikililərin dəyişdirilməsi proqramı başlayacaq.

Tbilisinin meri Kaxa Kaladzenin hökumətin iclasında qeyd etdiyi kimi, proqram çərçivəsində əhalinin 100 faiz razılığı halında, munisipalitet tarixi ərazidə yerləşən daşınmaz əmlakı özəl mülkiyyətçilərdən tam şəkildə alacaq.

“Dörd il əvvəlki vədimizə uyğun olaraq, qəzalı çoxmənzilli binaların dəyişdirilməsinin genişmiqyaslı proqramına başladıq. Layihə böyük uğurla davam edir. Bu, dövlət və vətəndaşların birlikdə, tərəfdaşlıq və etimadla mühüm nəticələrə necə nail ola biləcəyimizin bariz nümunəsinə çevrildi. Məhz bu təcrübəyə əsaslanaraq, ideyası vitse-mer Qiorqi Tğemaladzeyə aid olan daha bir çox mühüm layihəyə başlayırıq.
Konkret olaraq bu, tarixi Tbilisidə qəzalı binaların dəyişdirilməsidir. Tbilisinin tarixi hissəsindəki qəzalı bina-tikililər ən mühüm çağırışdır. Bu, təkcə təhlükəsizlik məsələsi deyil. Bu şəhərimizin kimliyi, tarixi və mədəni irsi məsələsidir də. Məhz bu səbəbdən, bu problemi həll etməyin düzgün və uzunmüddətli yolunu tapmaq bizim üçün vacib idi.
Biz 2026-cı ildən işə salınacaq və başdan sona qədər ədalətə və əhalinin maraqlarının qorunmasına əsaslanan yeni proqram işləyib hazırlamışıq. Qeyd olunan qaydaya əsasən, munisipalitet əhalinin tam, 100% razılığı halında, tarixi ərazidə yerləşən daşınmaz əmlakı özəl mülkiyyətçilərdən tam şəkildə alacaq” – Kaxa Kaladze qeyd edib.

Onun məlumatına əsasən, alınacaq əmlak bazar dəyəri ilə qiymətləndiriləcək, bu da ədalətli satınalmanı və əhalinin iqtisadi maraqlarının qorunmasını təmin edəcək.

“Azad edilmiş ərazilər investisiya məqsədləri üçün elə hazırlanacaq ki, şəhərin tarixi kimliyi qorunub saxlansın, lakin eyni zamanda inkişafın yeni imkanları yaransın. Çox mühüm proqramdır. Əminəm ki, uğurla həyata keçiriləcək və bir çox insan bu imkandan istifadə edəcək. Bu yolla biz iki ən mühüm məqsədə nail oluruq: hər bir vətəndaşın təhlükəsizliyi və mülkiyyətinin qorunmasına qayğı göstəririk və eyni zamanda, tarixi ərazilərimizin unikallığını və həqiqiliyini qoruyuruq” – paytaxtın meri bildirib.