“Tbilisi Energy”də bəyan edirlər ki, Ponicalada partlayışın baş verdiyi yer kimi göstərilən mənzil məlumat bazasında bağlı kimi qeydiyyatdadır və il ərzində qaz istifadəsi qeydə alınmır
“Tbilisi Energy”nin Dispetçer və Çevik Reaksiya Mərkəzinin rəhbəri İrakli Dekanoidzenin bəyanatına əsasən, Ponicalada partlayışın baş verdiyi yer kimi göstərilən mənzil məlumat bazasında bağlı kimi qeydiyyatdadır və il ərzində qaz istifadəsi qeydə alınmır.
Dekanoidze, son iki il ərzində sözügedən ünvandan qaz qoxusu və ya digər məsələlərlə bağlı çağırışın daxil olmadığını açıqlayıb.
“Bu günə olan vəziyyətə görə aşağıdakı məlumatları təqdim edə bilərik: əməkdaşlarımız mənzillər dağıldığı üçün ünvana daxil ola bilməyiblər. Daxili işlər nazirinin bəyanatını dinlədik. Bu mərhələdə, artıq dediyim kimi, biz yerində baxış keçirə bilməmişik və baş verənlərlə bağlı hər hansı versiyamız yoxdur.
Son iki il ərzində qeyd olunan ünvandan qaz qoxusu ilə bağlı bildiriş qeydə alınmayıb. Yoxlamaya gəlincə, əgər daxili işlər nazirinin bəyanatında bəhs olunan beşinci mərtəbədə yerləşən mənzili nəzərdə tuturuqsa, o, bizim məlumat bazamızda bağlı kimi qeydiyyatdadır və qaz istifadəsi qeydə alınmır. Görünür, ünvana vaxtaşırı insanlar gəlirmiş və cari il ərzində qaz istehlakı xərci qeydə alınmayıb. Son iki il ərzində sözügedən ünvandan qaz qoxusu və ya digər məsələlərlə bağlı çağırış almamışıq” — İrakli Dekanoidze bildirib.
Dekanoidze, qeyd olunan ərazidə il ərzində mənzillərə baxış keçirildiyini deyib.
“Beşinci mərtəbədəki mənzilə gəlincə, bizim məlumatlarda o, bağlı kimi qeydiyyatdadır və qaz istifadəsi qeydə alınmır. Müvafiq olaraq, əməkdaşlarımız ünvana gedəndə yerində heç kim olmayıb. Artıq dediyim kimi, ünvana daxil olmaq imkanımız olmadığına görə, bu mərhələdə yalnız daxili işlər nazirinin səsləndirdiyi məlumata əsaslanırıq. Qaz istifadəsi haqqına gəlincə, bu mənzildə aylıq ödənilməli məbləğ qeydə alınmır. Bu o demək ola bilər ki, şəxs yaşayış mənzilinə nadir hallarda gəlirmiş, bilmirəm” — İrakli Dekanoidze açıqlayıb.
Profilaktika məqsədilə oxşar halların riskini minimuma endirmək üçün hansı addımların atılmasının mümkün olduğu, məsələn, detektorların quraşdırılması və ya digər tədbirlərlə bağlı suala cavabında Dekanoidze qeyd edib ki, vətəndaşların qaz qoxusu hiss etdikləri anda dərhal 114 nömrəsinə zəng etmələri vacibdir.
“Bu, çevik reaksiya xidmətinin pulsuz qaynar xəttidir. Əməkdaşlarımız mümkün qədər qısa müddətdə ünvana gələcək və insidentin qarşısını almaq üçün bütün zəruri tədbirləri görəcəklər” — İrakli Dekanoidze açıqlayıb.
Ponicalada yaşayış binasında partlayış bu gün səhər baş verib. Xəsarət alan dörd nəfəri təcili tibbi yardım briqadaları xəstəxanalara aparıb. Daxili işlər naziri Sulxan Tamazaşvilinin verdiyi məlumata əsasən, üçü azyaşlı uşaq olmaqla, yeddi nəfər axtarılır.