Tbilisi Beynəlxalq Aeroportunun genişləndirilməsi layihəsinə başlanılıb – Fransanın aviasiya qrupu Groupe ADP Gürcüstana 150 milyon ABŞ dollarından çox investisiya yatıracaq
Tbilisi və Batumi beynəlxalq hava limanlarının idarəedici şirkəti “TAV Georgia” 150 milyon ABŞ dolları həcmində investisiya həyata keçirəcək. “TAV Georgia”nın məlumatına görə, layihə nəticəsində Tbilisi Beynəlxalq Aeroportunun buraxılış qabiliyyəti iki dəfə artacaq və illik sərnişin sayı 5 milyondan 10 milyona çatdırılacaq.
“İnvestisiya layihəsi terminal və aerodrom infrastrukturunun genişləndirilməsini, müasir texnoloji və əməliyyat sistemlərinin modernləşdirilməsini, eləcə də sərnişin xidmətlərinin beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsini nəzərdə tutur. Layihə 2026-2028-ci illərdə həyata keçiriləcək və başa çatdıqdan sonra Tbilisi Beynəlxalq Aeroportunun illik buraxılış qabiliyyəti 10 milyon sərnişinə qədər yüksələcək.
Ölkənin əsas hava limanının genişləndirilməsi zərurəti son illərdə sərnişin axınının dinamik artımı ilə bağlıdır. 2025-ci ildə hava limanı rekord sayda – 5,4 milyondan çox sərnişinə xidmət göstərib və bunun nəticəsində mövcud layihə gücü praktiki olaraq tam istifadə olunub.
Aeroportun genişləndirilməsi artan tələbatın ödənilməsi, xidmət keyfiyyətinin qorunması və ölkənin aviasiya sektorunun gələcək inkişafı üçün zəruri infrastrukturun yaradılması baxımından mühüm addımdır.
Layihə çərçivəsində:
• Sərnişin minik körpülərinin sayı iki dəfə artırılaraq 10-a çatdırılacaq;
• Təyyarələr üçün 7 yeni uzaq dayanacaq sahəsi yaradılacaq;
• Terminala 9 yeni qeydiyyat masası əlavə olunacaq;
• Pasport nəzarəti zonası genişləndiriləcək və 24 pasport nəzarəti məntəqəsi yaradılacaq;
• İki yeni baqaj konveyeri əlavə ediləcək;
• Mövcud sərnişin zonaları yenilənəcək, yeni ticarət, qida və biznes-lounge məkanları yaradılacaq. Bu məkanlarda gürcü mətbəxinin və yerli məhsulların tanıdılmasına xüsusi diqqət ayrılacaq;
• Terminalın yaxınlığındakı avtomobil dayanacaqlarının sayı artırılacaq.
Layihənin həyata keçirilməsi nəticəsində Tbilisi Beynəlxalq Aeroportunun əməliyyat imkanları əhəmiyyətli dərəcədə genişlənəcək, xidmət keyfiyyəti yüksələcək, sərnişinlər üçün daha müasir, təhlükəsiz və rahat mühit yaradılacaq, artan beynəlxalq sərnişin axını daha səmərəli şəkildə idarə olunacaq.
Layihə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstan Hava Limanları Birliyi” MMC-si (UAG) ilə “TAV Georgia” arasında 2025-ci il yanvarın 15-də imzalanmış razılaşma çərçivəsində həyata keçirilir. Razılaşmaya əsasən, Tbilisi Beynəlxalq Aeroportunda “TAV Georgia”nın konsessiya müddəti 2032-ci ilədək uzadılıb. Şirkət isə hava limanının buraxılış qabiliyyətinin iki dəfə artırılması və 150 milyon ABŞ dollarından çox investisiya proqramının həyata keçirilməsi öhdəliyini üzərinə götürüb.
Müqaviləyə əsasən, “Gürcüstan Hava Limanları Birliyi” artıq 25 milyon ABŞ dolları məbləğində birdəfəlik ilkin ödəniş (Upfront Fee) əldə edib. Bundan əlavə, layihə başa çatdıqdan sonra Tbilisi Beynəlxalq Aeroportundan “Gürcüstan Hava Limanları Birliyi”nin illik gəliri mövcud göstərici ilə müqayisədə təxminən üç dəfə artacaq.
Razılaşma həmçinin hava limanını idarə edən şirkət tərəfindən aviaşirkətlərin marketinq dəstəyi proqramının maliyyələşdirilməsini nəzərdə tutur. Bu isə yeni aviaistiqamətlərin inkişafına, beynəlxalq aviaşirkətlərin cəlb edilməsinə və Gürcüstanın beynəlxalq hava əlaqələrinin daha da gücləndirilməsinə kömək edəcək”, – məlumatda qeyd olunur.
“TAV Georgia” Fransanın Groupe ADP şirkətinə daxil olan TAV Airports-un törəmə şirkətidir. Şirkət 2005-ci ildən Gürcüstanda fəaliyyət göstərir və artıq 20 ildən çoxdur ki, Tbilisi və Batumi beynəlxalq hava limanlarını idarə edir.
“Bu müddət ərzində şirkət Gürcüstanda ümumi dəyəri 250 milyon ABŞ dolları olan bir sıra iri infrastruktur layihələri həyata keçirib və hazırda ölkənin aviasiya sektorunda ən böyük işəgötürənlərdən biridir.
Tbilisi Beynəlxalq Aeroportunun genişləndirilməsi layihəsi Gürcüstan aviasiyasının inkişafı üzrə ən böyük investisiya layihələrindən biridir. Bu layihə ölkənin beynəlxalq əlaqəliliyini əhəmiyyətli dərəcədə gücləndirəcək, Gürcüstanın turizm və tranzit potensialını artıracaq, yeni aviaşirkətlərin və aviaistiqamətlərin cəlb olunmasına şərait yaradacaq və ölkənin əsas beynəlxalq hava limanının uzunmüddətli inkişafı üçün möhkəm baza formalaşdıracaq”, – deyə şirkətdən bildirilib.