Tayland və Kamboca sərhədində baş vermiş toqquşmalarda ən azı on nəfər həyatını itirib, on minlərlə insan isə yaşayış yerlərini tərk etməyə məcbur olub
Tayland və Kamboca sərhədində baş vermiş toqquşmalarda ən azı on nəfər həyatını itirib, on minlərlə insan isə yaşayış yerlərini tərk etməyə məcbur olub. “BBC”nin məlumatına əsasən, ölkələr arasında baş vermiş qarşıdurmaya görə yerli əhali Taylandın şimal-şərqində altı vilayətdə və Kambocanın şimal və şimal-qərbində beş vilayətdə didərgin düşmək məcburiyyətində qalıb.
Bununla yanaşı, Taylandın Kraliyyət Hərbi Hava Qüvvələri düşmənə hava zərbələri endirdiyini təsdiqləyib, lakin əməliyyatın təfərrüatlarını açıqlamaqdan imtina edib.
İyul ayında iki ölkə arasında atəşkəs razılaşmasına nail olan ABŞ Prezidenti Donald Tramp hər iki tərəfi öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıb.
Məlumat üçün bildirək ki, Tayland və Kamboca arasında toqquşma 2 gün əvvəl başlayıb. Kamboca tərəfi iddia edir ki, Tayland mülki şəxslərə atəş açıb. Öz növbəsində Tayland tərəfi Kambocanı mülki şəxslərə hücum etməkdə ittiham edir.