Tarixdə ilk dəfə NATO-nun bütün üzvləri müdafiəyə ümumi daxili məhsulun iki faizini xərcləyiblər
Tarixdə ilk dəfə NATO-nun bütün üzvləri müdafiə üçün ümumi daxili məhsulun 2%-lik xərc hədəfinə çatıblar. Media vasitələri müvafiq məlumatı NATO-nun baş katibinin illik hesabatına istinadən yayırlar.
Hesabata əsasən, 2025-ci ildə alyansın 32 üzvünün hamısı müdafiə üçün ÜDM-in 2%-lik hədəf göstəricisinə çatıb. Ümumilikdə, NATO üzvlərinin müdafiə sahəsinə xərcləri ötən il 1.4 trilyon ABŞ dollarına çatıb, bu da 2024-cü ilin göstəricisindən 6% çoxdur.
2025-ci ildə müdafiə üçün ÜDM-in ən aşağı, 2%-lik xərcləri İspaniya, Portuqaliya, Albaniya, Belçika və Kanadanın olub. 2025-ci ildə müdafiəyə ən çox, ÜDM-in 4.3%-ni Polşa ayırıb. Litva, Latviya, Estoniya və Danimarka ÜDM-in 3%-dən çoxunu xərcləyiblər.
Hesabatda deyilir ki, Mark Rutte 2025-ci ili sürətlə dəyişən təhlükəsizlik mühiti ilə xarakterizə olunan “hadisələrlə dolu bir il” kimi qiymətləndirib.
“2025-ci il boyu mövcud təhdid mənzərəsi daha çox iş görülməli olduğunu aydın şəkildə göstərir. Bütün il ərzində NATO həm indi, həm də gələcəkdə bütün sahələrdə istənilən təhlükəyə cavab verməyə hazır və qadir olduğumuzu təmin etmək üçün birləşməyə davam edirdi” – alyansın baş katibi bildirib.
Alyansın hər bir üzvünün ÜDM-in 2%-ni müdafiəyə xərcləməsi planı 2014-cü ildə işlənib hazırlanıb.