Tamar Memanişvili Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinə rəhbərlik edəcək
Tamar Memanişvili publik hüquqi şəxs “Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi”nə rəhbər təyin edilib.
Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze və nazirin birinci müavini Levan Ğirsiaşvili yeni rəhbəri qurumun əməkdaşlarına təqdim ediblər.
Nazir Tamar Memanişvilini vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Təhsil Nazirliyinin məlumatına əsasən, Tamar Memanişvilinin dövlət sektorunda uzun illər iş təcrübəsi var. O, müxtəlif vaxtlarda Təhsil, Elm və Gənclik Nazirliyinin Administrasiyasının (Departamentinin) rəhbəri, Gürcüstan Parlamentinin İnsan Resursları və İnstitusional İnkişaf Departamentinin Təhlil və İnstitusional İnkişaf şöbəsinin müdiri vəzifəsini tuturdu, Gürcüstanın Daxili İşlər Nazirliyinin Akademiyasının İnsan Resurslarının İdarəolunması şöbəsinin müdiri olub.
Tamar Memanişvili Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin rəhbəri vəzifəsində Nino Tseretelini əvəz edib.