Tamar İoseliani – 10 yeni sərnişin qatarının satın alınması ilə bağlı beynəlxalq tenderin elan olunmasını nəzərdə tutan çox mühüm yeni layihəyə başlayırıq
Gürcüstan Dəmir Yollarının tarixi yenilənməsi çərçivəsində 10 yeni sərnişin qatarının satın alınması ilə bağlı beynəlxalq tenderin elan olunmasını nəzərdə tutan çox mühüm yeni layihəyə başlayırıq – bu barədə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani yeni elektrik sərnişin qatarlarının satın alınması ilə bağlı elan olunmuş beynəlxalq tender barədə verilən suala cavab olaraq bildirib.
Nazir müavininin izahatına əsasən, layihə ötürücülük qabiliyyətini artıracaq və Gürcüstan Dəmir Yollarına sərnişinlərə yeni marşrutlar təklif etmək imkanı verəcək.
“Məhz bu layihə ilə istifadəçilərimizə, beynəlxalq ziyarətçilərə və əhaliyə Gürcüstan Dəmir Yollarının sərnişin daşımaları sahəsində tamamilə yeni təcrübə təklif və təmin edə biləcəyik, bu da bizə ötürücülük qabiliyyətini iki dəfə artırmağa və istifadəçilərimizə yeni istiqamətlər təklif etməyə imkan verəcək” – Tamar İoseliani açıqlayıb.
Tamar İoselianinin sözlərinə əsasən, qeyd olunan tender texniki xidmətin satın alınmasını da nəzərdə tutur.
“Vacibdir ki, qeyd olunan tender çərçivəsində biz sözügedən sərnişin qatarlarının texniki baxımını nəzərdə tutan 10 illik xidmət paketi də satın alacağıq, bu da onların təhlükəsiz istismarını təmin edəcək“ – İoseliani qeyd edib.
Gürcüstan Dəmir Yolları yeni elektrik sərnişin qatarlarının satın alınması ilə bağlı beynəlxalq tender elan edir. Tender ümumi dəyəri 70 milyon ABŞ dolları olan 10 ədəd yeni, 4 vaqonlu elektrik qatarının satın alınmasını nəzərdə tutur.
Yeni sərnişin qatarlarının satın alınması Gürcüstan Dəmir Yollarının 10 illik inkişaf planının mühüm hissəsidir. Satınalma Asiya İnkişaf Bankının (ADB) maliyyələşdirilməsi ilə həyata keçiriləcək. Layihə Gürcüstanın dəmir yolu hərəkət tərkibinin yenilənməsini və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını hədəfləyir.