"Taliban" şimali Əfqanıstanda interneti qadağan edib
"Taliban" şimali Əfqanıstanda interneti qadağan edib

 

“Əxlaqsız hərəkətlərin qarşısını almaq məqsədilə” “Taliban” şimali Əfqanıstanda interneti qadağan edib. Müvafiq məlumatı “Reuters” yerli administrasiyaların bəyanatına istinadən yayır.

Medianın məlumatına əsasən, internet qadağası beş əyalətə – Ğunduz, Badaxşan, Bağlan, Taxar və Balxa şamil ediləcək. Qadağa fiber-optik internet bağlantılarına şamil edilir, lakin mobil internetə şamil edilməyəcək.

Medianın yazdığı kimi, bu qərarla şimali Əfqanıstanda ofislər, evlər və iş yerləri internetsiz qalıb.

ABŞ-nin Əfqanıstandakı sabiq səfiri Zalmay Xalizadi qeyd olunan qadağanı cəfəng adlandırır.

“Əgər pornoqrafiya bir çox İslam ölkəsində olduğu kimi real problemdirsə, onu asanlıqla süzgəcdən keçirmək olar. İslam dünyasında bir çox ölkə məhz bunu edir” – Xalizadi qeyd edib.

2021-ci ildə Əfqanıstanın başına keçdikdən sonra “Taliban” xüsusilə qadınlara qarşı bir sıra məhdudiyyətlər qoyub. Konkret olaraq, “Taliban” qızlara ali məktəblərdə təhsil almağı, qadınlara isə bəzi sahələrdə işləməyi qadağan edib, üzün örtülməsi, kişilər üçün isə saqqal saxlamaq məcburi hala gətirilib, sürücülərə avtomobillərdə musiqi səsləndirmək qadağan edilib.