Tailandın məktəblərindən birində baş verən silahlı hücum nəticəsində azı altı nəfər həlak olub.
Taylandın məktəblərindən birində baş verən silahlı hücum nəticəsində 6 nəfər həlak olub, onlardan biri müəllimdir, 15 nəfər isə yaralanıb. Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, hadisə Taylandın paytaxtı Banqkokun yaxınlığında, Nonthaburi əyalətində yerləşən Debsirin məktəbində baş verib.
Yerli media və polis bildirir ki, hücumu məktəbin 9-cu sinif şagirdi, 14 yaşlı yeniyetmə törədib. Yayılan məlumatlara əsasən, o, atışmadan sonra intihar edib.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Taylandda Debsirin məktəbi ölkənin ən nüfuzlu təhsil müəssisələrindən biri hesab olunur və ölkə üzrə bir neçə filialı fəaliyyət göstərir.
Məlumat üçün qeyd edək ki, Taylandda odlu silahlarla bağlı qanunvericilik kifayət qədər sərtdir və silahın qanunsuz saxlanılması 10 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər. Buna baxmayaraq, son illərdə ölkədə bir neçə silahlı hücum hadisəsi qeydə alınıb.