Sürücülərin ayrı-ayrı qayda pozuntularına görə cərimələr artırıldı
Sürücülərin ayrı-ayrı qayda pozuntularına görə cərimələr artırıldı

Bu gündən etibarən Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış qanunvericilik dəyişiklikləri qüvvəyə minib. Dəyişikliklərin əsas məqsədi yol hərəkəti qaydalarına maksimum riayət olunmasını təmin etmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Son illərdə nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması və mobilliyin yüksəlməsi fonunda yol təhlükəsizliyi hələ də ciddi çağırış olaraq qalır. Əldə olunan irəliləyişlərə baxmayaraq, Gürcüstanda hər il yüzlərlə insan yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirir və ya ağır xəsarətlər alır. Təkcə 2025-ci ildə ölkədə baş verən avtomobil qəzaları 469 nəfərin həyatına son qoyub, 8 191 nəfər isə yaralanıb.
Mövcud sanksiyaların sərtləşdirilməsi yol qəzalarının səbəblərinin kompleks təhlili və ölkə yollarında ölüm göstəricisinin yüksək olması ilə əlaqələndirilir.
Qanunvericilik dəyişiklikləri paketinə əsasən, ayrı-ayrı qayda pozuntularına görə cərimələr artırılıb:

Yol üzərində manevr qaydalarının pozulmasına görə cərimə 100 lariyə qədər artırılıb və sürücülük vəsiqəsindən 20 bal silinəcək;

Sürətin 15 km/saatdan çox, lakin 40 km/saatdan artıq olmamaqla aşılmasına görə cərimə 50-dən 100 lariyə qədər yüksəldilib;

Təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə 50 lariyə qədər artırılıb və 10 bal silinəcək;

Avtomobil idarə edərkən mobil telefondan istifadəyə görə cərimə 50 lariyə qədər artırılıb;

Dayanma və durma qaydalarının pozulmasına görə cərimə Tbilisi ilə yanaşı digər iri şəhərlərdə də 50 lariyə çatdırılıb;

Drift nəticəsində yüngül xəsarət və ya maddi ziyan olduqda 500 lari cərimə və 6 ay sürücülük hüququnun dayandırılması tətbiq ediləcək;

Təkrar qayda pozuntusu (qəza şəraiti və ya tıxac yaratdıqda) 300 lari cərimə və 30 balın silinməsi ilə nəticələnəcək;

Tbilisidə N2 və N3 kateqoriyalı yük nəqliyyatının təyinat yeri şəhər olmadıqda hərəkətinə görə 500 lari cərimə nəzərdə tutulur;

Yeni qayda pozuntusu kimi avtomobilin səkidə və ya piyada keçidində saxlanılması müəyyən edilib. Bu hal böyük şəhərlərdə 100 lari, digər bələdiyyələrdə isə 10 lari cərimə ilə nəticələnəcək.
Səkidə avtomobil hərəkətinə görə 200 lari cərimə və 30 balın silinməsi tətbiq olunacaq.
Dəyişikliklər həmçinin yeni qadağanedici nişanı da nəzərdə tutur – “Yanğın hidrantının yanında dayanmaq qadağandır”. Bu qaydanın pozulmasına görə 200 lari cərimə tətbiq ediləcək və nəqliyyat vasitəsi xüsusi mühafizə olunan dayanacağa aparıla bilər.
Bundan əlavə, BUS zolaqları ilə bağlı qaydalar da sərtləşdirilib:

BUS zolağında hərəkət 100 lari cərimə ilə yanaşı 15 balın silinməsinə səbəb olacaq, təkrar pozuntu isə 150 lari və 30 bal itkisi ilə nəticələnəcək;

Əks istiqamətli BUS zolağında hərəkət, dayanma və ya durma 200 lari cərimə və 20 balın silinməsi, təkrar halda isə 300 lari və 30 bal itkisi ilə nəticələnəcək.

Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.