Suriyanın üsyançı müxalifət qüvvələri İdlib və Aleppo bölgələrində hökumət ordusuna qarşı genişmiqyaslı hücum başladıb
Suriyanın üsyançı müxalifət qüvvələri İdlib və Aleppo bölgələrində hökumət ordusuna qarşı genişmiqyaslı hücum başladıb. Bu haqda məlumatı Fransa mediası yayır.
Medianın məlumatına əsasən, hücum başlayandan sonra üsyançılar Alepponun şimal-qərb vilayətində Suriyanın Prezidenti Bəşər Əsədin nəzarətində olan ən azı 10 rayonu ələ keçiriblər.
Bu, Rusiyanın dəstəklədiyi Suriya hökuməti və Türkiyənin dəstəklədiyi üsyançıların atəşkəs haqqında razılaşdığı 2020-ci ildən bəri ilk hərbi hücumdur.
Yayılmış məlumata əsasən, üsyançılar Aleppo şəhərinin kənarına demək olar ki, 10 kilometr və İranın dəstəklədiyi Livanın “Hizbullah” qruplaşmasının hərbi aktivlərinin yerləşdiyi Nubl və Zahraya bir neçə kilometr yaxınlaşıblar. Üsyançılar Alepponun şərqində iranyönümlü milislərin hərbi mövqelərinin olduğu Al-Nairab aeroportuna hücum ediblər.
Üsyançılar bildirirlər ki, hücum Rusiya və Suriya hava qüvvələrinin son həftələrdə Cənubi İdlibin rayonlarında mülki şəxslərə qarşı gücləndirilmiş zərbələrinə cavabdır. Eyni zamanda Suriyanın hökumət mediası ölkə ordusunun böyük canlı qüvvə və texnika itkisi verən üsyançılara qarşı cavab hücumu həyata keçirdiyini yazır.
Suriya ordusunda “Al-Nusra Cəbhəsi” də daxil olmaqla silahlı terror təşkilatlarının kənd, qəsəbə və Suriya ordusunun mövqelərinə hücum etdiyini bildirirlər. İdlib və Aleppo bölgələrində Suriyanın hökumət ordusu ilə üsyançılar arasında toqquşmalar bu vaxtadək davam edir. Suriya Müşahidə Qrupunun məlumatına əsasən, hər iki tərəfdən itkilərin sayı 132-yə çatıb, onlardan 83-ü üsyançılar tərəfdən, 49-u isə Suriya hökumət ordusundandır.