Suriyanın müvəqqəti prezidenti Suriyada davam edən qarşıdurmada səlahiyyətini aşan hər kəsi məsuliyyətə cəlb edəcəyini bildirir
Suriyanın müvəqqəti prezidenti Ahmed Əl-Şaraa Suriyada davam edən qarşıdurmada səlahiyyətini aşan hər kəsi məsuliyyətə cəlb edəcəyini bildirir.
Ahmed Əl-Şaraa deyib ki, hər iki tərəfin törətdiyi qətlləri araşdırmaq üçün müstəqil komitə yaradılır.
“Biz yeni bir təhlükə ilə üz-üzəyik — əvvəlki rejimin qalıqları və onların arxasında dayanmış xarici qüvvələr ölkəmizi vətəndaş müharibəsinə sürükləmək və aramızda yeni nifaq yaratmaq istəyirlər. Məqsədləri onu parçalamaq, birliyi və sabitliyi məhv etməkdir. Biz təsdiq edirik ki, dinc əhaliyə qarşı qan tökülməsində və ya xalqımıza zərər vurulmasında əli olan hər kəsi, yaxud dövlət səlahiyyətini aşan və ya öz məqsədlərinə çatmaq üçün gücdən istifadə edən hər kəsi amansızcasına cəzalandıracağıq” – Ahmed Əl-Şaraa bildirib.
Yayılmış məlumata əsasən, Suriyada yeni hökumət qüvvələri ilə Əsədin ələvi təriqətinə mənsub döyüşçülər arasında davam edən silahlı qarşıdurmada son iki gündə 1000-dən çox insan həyatını itirib. Suriyanın İnsan Hüquqlarının Monitorinqi Mərkəzinin məlumatına əsasən, cümə və şənbə günləri 973 dinc sakin qətlə yetirilib. Qətlə yetirilənlər arasında Suriya hökumətinin təhlükəsizlik qüvvələrinin üzvləri və Əsədə sadiq döyüşçülər, eləcə də ələvi qadın və uşaqlar var.