Suriyanın İnsan Hüquqlarının Monitorinqi Mərkəzinin məlumatına əsasən, son iki gündə Suriyada 973 dinc sakin qətlə yetirilib

11:53, 10.03.2025

 
Suriyada sabiq lider Bəşər Əl-Əsədi dəstəkləyən rayonlarda qarşıdurma davam edir.

Şahidlər mediaya ələvilərə qarşı təqibdən, o cümlədən ailələrin öz evlərində öldürülməsindən danışırlar.

Ələvi təriqəti Şiəliyin bir qoludur və Suriya əhalisinin təxminən 10%-ni təşkil edir. Bəşər Əsəd bu təriqətdəndir.

Suriyanın İnsan Hüquqlarının Monitorinqi Mərkəzinin məlumatına əsasən, cümə və şənbə günləri 973 dinc sakin qətlə yetirilib.

Qarşıdurma silahlarını təslim etməkdən imtina edən Əsəd tərəfdarlarının Latakiya və Cəblənin sahilyanı şəhərləri ətrafında təhlükəsizlik qüvvələrini pusquya salmasından və onlarla insanın ölümündən sonra başlayıb.

Əsədin ordu briqadasının sabiq generalı indiki hökumətə qarşı yeni üsyan elan edərək, “Suriyanın azad edilməsi üçün hərbi şura” yaratdığını deyib. Silahlarını təhvil verməkdən imtina edən Əsəd rejiminin təhlükəsizlik qüvvələrinin sabiq zabitlərinin dağlarda müqavimət qrupu yaratması haqda məlumat da yayılır.

Dəməşqdə ölənləri yad etmək və zorakılığı pisləmək üçün nümayişlər keçirilib.

Yayılmış məlumata əsasən, Suriyada yeni hökumət qüvvələri ilə Əsədin ələvi təriqətinə mənsub döyüşçülər arasında davam edən silahlı qarşıdurmada son iki gündə 1000-dən çox insan həyatını itirib. Qətlə yetirilənlər arasında Suriya hökumətinin təhlükəsizlik qüvvələrinin üzvləri və Əsədə sadiq döyüşçülər, eləcə də ələvi qadın və uşaqlar var.

Oxşar