Suriyada Bəşər Əsədi dəstəkləyən qüvvələrlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib, 14 polis həlak olub
Suriyada Bəşər Əsədi dəstəkləyən qüvvələrlə polislər arasında toqquşma baş verib. Hadisə nəticəsində 14 polis həlak olub. Suriyanın yeni daxili işlər naziri “Telegram”da toqquşma nəticəsində on polisin yaralandığını yazır. Nazir Suriyanın təhlükəsizliyini pozmağa və ya onun vətəndaşlarının həyatını təhlükəyə atmağa cəsarət edən hər kəsə qarşı sərt tədbirlər görəcəklərini vəd edib.
Bundan əvvəl Suriya dövlət mediası yerli ələvi və şiə müsəlman dini icmalarının üzvlərinin nümayişlərindən sonra başlayan iğtişaşlardan sonra polisin Homs şəhərində bir günlük “komendant saatı” tətbiq etdiyi haqda məlumat vermişdi.
“Reuters” yazır ki, nümayişçilər arasında iğtişaşların səbəbini müəyyən edə bilməyib, lakin yerli sakinlər nümayişlərin son günlər ələvi üzvlərinə qarşı edilən təzyiq və zorakılıqla bağlı olduğunu bildirirlər. Ələvilər uzun müddət ərzində Əsədə sadiq insanlar hesab olunurdular.