Suriya ordusu Hələbə daha bir hücum həyata keçirib, şəhərdə toqquşmalar davam edir
Suriya ordusu Hələb şəhərinə növbəti hücum həyata keçirib. Şəhərdə artıq üçüncü gündür ki, toqquşmalar davam edir. Bu barədə məlumatı “Reuters” yayıb.
Suriya ordusu Hələbin zərbələr endiriləcək hissələrinin göstərildiyi xəritələr dərc edib və sakinləri həmin əraziləri tərk etməyə çağırıb. Hələbin bir neçə rayonunda komendant saatı tətbiq olunub.
Hələbdə toqquşmalar yanvarın 6-da başlayıb. Suriya Mülki Müdafiə Qüvvələrinin məlumatına görə, baş verən toqquşmalar səbəbindən şəhəri 13 min nəfər tərk edib. Onların arasında qadınlar və uşaqlar da var.
Öz növbəsində, kürd “Suriya Demokratik Qüvvələri”nin nümayəndələri bildiriblər ki, Hələbin bir neçə rayonunda Dəməşqlə əlaqəli qruplarla toqquşmalar davam edir.
“Suriyanın Demokratik Qüvvələri” ABŞ tərəfindən dəstəklənir və Suriyanın şimal-şərqinə nəzarət edir. Bu ərazilərdə, o cümlədən Hələbin bir hissəsində kürdlərin rəhbərliyi altında yarımmüstəqil administrasiya yaradılıb. Bu administrasiya islamçıların rəhbərliyi ilə formalaşdırılmış hökumətə inteqrasiyaya indiyədək müqavimət göstərir.
ABŞ kürdlərlə Suriya hökuməti arasında danışıqlarda vasitəçilik etməyə cəhd göstərib, lakin ötən həftə bu cəhd nəticəsiz başa çatıb.
Türkiyədə isə bildirilib ki, Dəməşq bu təkliflə Ankaraya müraciət edərsə, Suriya hakimiyyətinə kömək etməyə hazırdırlar.