Suriya lideri Əhməd əl-Şəraa İsraili ölkənin daxili işlərinə qarışmaqda və Suriyanı zəiflətməyə cəhd göstərməkdə ittiham edir
Suriya lideri Əhməd əl-Şəraa İsraili Suriya daxili işlərinə qarışmaqda və ölkəni zəiflətməyə cəhd göstərməkdə ittiham edib. Əhməd əl-Şəraa bildirib ki, uzun illər davam edən vətəndaş müharibəsindən sonra ölkəsinin birləşməsi uğrunda mübarizə “qanla deyil”, qarşılıqlı anlaşma yolu ilə həyata keçirilməlidir, çünki Suriya artıq müharibədən yorulub.
“Suriyanın parçalanma təhlükəsi qarşısında olduğunu görmürəm. Bəzi insanlar Suriyanın parçalanma prosesini və kantonların yaradılmasını istəyirlər. Bu, mümkün deyil. Bəzi tərəflər regional güc olan İsrailin və ya başqalarının vasitəsilə hakimiyyət qazanmağa çalışır. Bu da son dərəcə çətindir və həyata keçirilməsi mümkün deyil. İsrail birbaşa Süveyda bölgəsinə müdaxilə edir, dövlətin zəiflədilməsini hədəfləyən siyasəti həyata keçirməyə çalışır və ya cənub bölgəsində gedən siyasi proseslərə qarışmaq üçün bəhanə tapır”, – deyə Suriya lideri qeyd edib.
Süveyda bölgəsində, əsasən druzların yaşadığı əyalətdə, öz müqəddəratını təyinetmə hüququnun tələb olunduğu etiraz aksiyaları keçirilir. Süveyda mitinqində bəzi nümayişçilər İsrail bayrağı qaldırıb. “Xalq İsrailə getmək istəyir” – deyə etirazçılar şüar səsləndiriblər.