Sulxan Tamazaşvili – Ponicalada partlayışın baş verdiyi yerə bütün müvafiq xidmətlər səfərbər edilib, xilasetmə işləri fəal şəkildə davam edir

13:44, 19.11.2026

 

Daxili işlər naziri Sulxan Tamazaşvilinin bəyanatına əsasən, Ponicalada partlayışın baş verdiyi yerə həm Daxili İşlər Nazirliyinin müvafiq bölmələri, həm də bələdiyyə xidmətləri səfərbər olunub və axtarış-xilasetmə tədbirləri fəal rejimdə davam etdirilir.

Daxili işlər naziri Ponicalada Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşlarının və polis bölmələrinin nümayəndələrinin işi ilə yerində şəxsən tanış olur.

“Daxili İşlər Nazirliyinin səlahiyyəti çərçivəsində bütün müvafiq bölmələri, eləcə də bələdiyyə xidmətləri cəlb olunub. Axtarış-xilasetmə tədbirləri fəal şəkildə davam etdirilir. Dörd nəfər dağıntılar altından çıxarılaraq tibb müəssisələrinə aparılıb. Onlardan birinin vəziyyəti təəssüf ki, ağırdır. Tibb müəssisələrinə aparılan bütün şəxslərin huşu üstündə olub və indiyə qədər huşu üstündədir. Həmçinin, xilasetmə tədbirləri çərçivəsində üçü azyaşlı uşaq olmaqla, yeddi nəfərin olduğu yerin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hadisə yerindən əhali təxliyə edilib və xilasetmə tədbirlərini fəal şəkildə davam etdiririk” – daxili işlər naziri açıqlayıb.

Sulxan Tamazaşvilinin qeyd etdiyi kimi, yaralılar arasında qulaq nahiyəsindən xəsarət alan bir yetkinlik yaşına çatmayan şəxs var, lakin huşu üstündədir.

Sulxan Tamazaşvili, binanın uçması ilə bağlı real təhlükənin olduğunu bildirib.

“Təxminən yarım saat əvvəl binanın istinad divarı əyilib, buna görə də binanın ön tərəfindən xilasetmə tədbirləri dayandırılıb, lakin arxa perimetrdə müvafiq işlər fəal şəkildə davam etdirilir.

Partlayışa səbəb olan amilə gəlincə, daxili işlər nazirinin izahına əsasən, partlayışın səbəbi və bilavasitə ocağı müəyyən edilib.

Səbəb qızdırıcıdır. Beşinci mərtəbədə vətəndaş gecə qızdırıcını işə salmağa çalışıb. Onun huşu üstündədir və baş verənləri özü bizə danışır, “gecə yandırdım, sonra söndürdüm və səhər isə yenidən yandırmağa cəhd etdim və bundan sonra da partlayış baş verdi” deyir” — Sulxan Tamazaşvili mediaya açıqlayıb.

Oxşar