Sulxan-Saba və Pavle İngorokva küçələrində tarixi binalar reabilitasiya olunacaq
Tbilisi İnkişaf Fondu” Sulxan-Saba Orbeliani və Pavle İngorokva küçələrində yerləşən tarixi binaların reabilitasiyasına başlayır.
Paytaxt meri Kaxa Kaladzenin Tbilisi Bələdiyyə hökumətinin iclasında qeyd etdiyi kimi, işlər 17 apreldən başlayacaq və layihə iki mərhələdə həyata keçiriləcək.
““Tbilisi İnkişaf Fondu” şəhərimiz üçün ən mühüm layihələrdən birinə – Sulxan-Saba Orbeliani və Pavle İngorokva küçələrində yerləşən tarixi binaların reabilitasiyasına başlayır. 17 apreldən başlanacaq işlərin məqsədi paytaxtın tarixi hissəsinin autentikliyinin qorunması və mədəni irs abidələrinin tam bərpasıdır. Tender prosedurları artıq başa çatıb və müxtəlif istiqamətlər üzrə işləri müəyyən edilmiş müddətlərdə həyata keçirəcək dörd qalib şirkət müəyyən edilib. Layihə iki mərhələdə həyata keçiriləcək və həm yeraltı kommunikasiya və yol infrastrukturunun tənzimlənməsini, həm də bina və tikililərin bərpa-restavrasiyasını əhatə edəcək”, – deyə Kaxa Kaladze bildirib.
Onun məlumatına görə, birinci mərhələdə Sulxan-Saba və İngorokva küçələrində nizamsız şəkildə yerləşdirilmiş və köhnəlmiş mühəndis kommunikasiya xətləri qaydaya salınacaq, bu isə həmin ərazidə yeraltı sistemlərin və yerüstü kommunikasiyaların tam reabilitasiyasını nəzərdə tutur.
“İşlərin ikinci mərhələsinə gəlincə, həmin küçələrdə yerləşən 21 bina və tikilinin tam reabilitasiya-restavrasiyası həyata keçiriləcək və bunun üçün təxminən 120 milyon lari xərclənəcək. Reabilitasiyanın bu mərhələsi qəzalı vəziyyətdə olan binaların bərpasını, bünövrə və divarların möhkəmləndirilməsini, dam örtüyünün dəyişdirilməsini, taxta konstruksiyaların və elementlərin bərpa olunmasını və qorunmasını, daxili həyətlərin abadlaşdırılmasını, tarixi girişlərin restavrasiyasını, dekorativ döymə metal qapıların hazırlanmasını və autentik memarlıq elementlərinin bərpasını nəzərdə tutur. Bunlardan 8 bina Sulxan-Saba küçəsində, qalan 13 bina isə İngorokva küçəsində yerləşir. Tikinti həcmi 45 000 kvadratmetr təşkil edir və bunun nəticəsində təxminən 450 ailənin yaşayış şəraiti yaxşılaşacaq”, – deyə paytaxt meri bildirib.
Onun sözlərinə görə, planlaşdırılan işlər səbəbindən 18 apreldən etibarən yaxın küçələrdə nəqliyyat hərəkəti məhdudlaşdırılacaq.
“Layihə çərçivəsində həmçinin tarixi qüllənin reabilitasiya-restavrasiyası da nəzərdə tutulur ki, bu xüsusi diqqət və yanaşma tələb edir. Bu, çox mühüm layihədir. Şəhərdə mədəni irs abidəsi statusuna malik çoxlu binalar var. Təəssüf ki, onların bir çoxu qəzalı vəziyyətdədir, lakin proqramlarımız çərçivəsində mərhələli şəkildə bərpa işləri aparırıq. Planlaşdırılan işlər səbəbindən 18 apreldən etibarən Giorgi Leonidze və Sulxan-Saba küçələrində nəqliyyat hərəkəti məhdudlaşdırılacaq və bu barədə ictimaiyyətə yaxın günlərdə ətraflı məlumat veriləcək”, – deyə Kaxa Kaladze bildirib.