Strateji və xüsusi əhəmiyyətə malik obyektin qrup halında ələ keçirilməsinə cəhd, qrup halında zorakılığın təşkil edilməsi və iştirak faktları üzrə daha 13 nəfərə qarşı ittiham irəli sürülüb
Gürcüstanın Prokurorluğu strateji və xüsusi əhəmiyyətə malik obyektin qrup halında ələ keçirilməsinə cəhd, qrup halında zorakılığın təşkil edilməsi və iştirak faktları üzrə daha 13 nəfərə qarşı ittiham irəli sürüb.
Prokurorluqda keçirilən brifinqdə deyildiyi kimi, Daxili İşlər Nazirliyində 2025-ci ilin 4 oktyabr hadisələri ilə bağlı cari istintaq çərçivəsində müəyyən edilib ki, Vladimer Qvelesiani, Nika Qventsadze, Mamuka Labuçidze, Qoça Ğataşvili, Quriel Kardava, Zurab Cavcanidze, Konstantine Kokaia, Sulxan Abralava, Beka Kelexsaşvili və Qiorqi Kirvalidze digər şəxslərlə birlikdə, qrup halında zorakılığın artıq saxlanılmış təşkilatçılarının çağırışlarına müvafiq olaraq, strateji obyektin ələ keçirilməsi məqsədilə hücuma keçiblər və fiziki güc tətbiq etməklə Gürcüstan Prezidentinin inzibati binasının mühafizə hasarına zərər vurublar və həyətə daxil olublar.
İstintaq orqanının məlumatına əsasən, binanı ələ keçirmək və həyətə səfərbər olunmuş hüquq-mühafizə orqanları əməkdaşlarının müqavimətini qırmaq məqsədilə, təqsirləndirilən şəxslər onlara qarşı aqressiya nümayiş etdirirdilər, metal konstruksiyalar və digər əşyalar atırdılar, onlara qarşı fiziki və sözlü təhqirlər törədirdilər, bununla da onların həyat və sağlamlığına təhlükə yaradırdılar. Eyni zamanda, prezident sarayının yaxınlığındakı ərazidə saxlanılan şəxslərdən biri Koba Epitaşvili polisə qarşı fiziki təhqirə yol verib, Saba Kordzaia isə ictimai asayişin bərpası üçün səfərbər olunmuş hüquq-mühafizə orqanları əməkdaşlarına “Molotov kokteyli” atıb.
Prokurorluğun məlumatına əsasən, aparılmış istintaqla həmçinin yuxarıda təsvir olunan cinayət əməlinin — qrup halında zorakılığın daha bir təşkilatçısı Nana Sanderi müəyyən edilib.
“O, sosial şəbəkədən istifadə etməklə fəal şəkildə zorakı hərəkətlərin həyata keçirilməsinin təşkilini həyata keçirirdi və zorakılığa çağırış edirdi, cinayətkar əməllərdə iştirak edən şəxslər üçün zəruri avadanlıq və ləvazimatların alınması məqsədilə maliyyə vəsaitlərinin səfərbər edilməsini təmin edirdi, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı effektiv qarşıdurma üçün zəruri olan şəraitlə bağlı göstərişlər verirdi. O, müxtəlif ittihamlarla saxlanılmış və ya məhkum olunmuş şəxslərin azad edilməsini, dövlət qurumlarının binalarının isə dövlət qulluqçularından təmizlənməsini qəti şəkildə tələb edirdi. Əks halda isə qrup halında zorakı hərəkətlərin təşkilatçısı kimi, həmfikirlərinə oktyabrın 4-də hüquq-mühafizə orqanlarının nümayəndələrindən amansızcasına qisas almaları üçün açıq çağırış edirdi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 7-də və 8-də hakimin qərarı əsasında təqsirləndirilən şəxsləri saxlayıblar.
Koba Epitaşvili və Saba Kordzaiaya qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin ikinci hissəsi ilə (qrup halında zorakılıqda iştirak) irəli sürülüb, bu isə cəzanın növü və ölçüsü olaraq altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Vladimer Qvelesiani, Nika Qventsadze, Mamuka Labuçidze, Qoça Ğataşvili, Quriel Kardava, Zurab Cavcanidze, Konstantine Kokaia, Sulxan Abralava, Beka Kelexsaşvili və Qiorqi Kirvalidzeyə qarşı ittiham
Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi (strateji və xüsusi əhəmiyyətə malik obyektin qrup halında ələ keçirilməsinə cəhd) və 225-ci maddənin 2-ci hissəsi ilə (qrup halında zorakılıqda iştirak) irəli sürülüb, bu isə cəzanın növü və ölçüsü olaraq altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Nana Sanderə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi (qrup halında zorakılığın təşkili) ilə irəli sürülüb, bu isə cəzanın ölçüsü olaraq doqquz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – prokurorluqda bildiriblər.
Qurumda həmçinin izah ediblər ki, prokurorluq saxlanılan təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.