Strasburqda Gürcüstanın işğal altındakı əraziləri ilə bağlı Avropa Şurasının baş katibinin 34-cü icmal hesabatını müzakirə ediblər
Avropa Şurasının Nazirlər Müavinləri Komitəsinin 1575-ci iclasında Avropa Şurasının baş katibinin “Gürcüstanda münaqişə” adlı 34-cü icmal hesabatının müzakirəsi keçirilib. İclasda Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia iştirak edib.
Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Qurumun məlumatında, icmal hesabatı Avropa Şurasının baş katibi Alan Bersenin təqdim etdiyi deyilir. Hesabat 2026-cı ilin aprelindən sentyabr ayı da daxil olmaqla olan dövr ərzində Rusiya tərəfindən işğal olunmuş Gürcüstanın regionlarında inkişaf edən hadisələri əks etdirir.
“Nazirlər Müavinləri Komitəsinin iclasında çıxış edərkən Laşa Darsalia icmal hesabatın qəbul edilməsinə görə Avropa Şurasının baş katibinə və Nazirlər Komitəsinə təşəkkürünü bildirib, Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı məsələlərin Avropa Şurasının gündəliyində fəal şəkildə qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. Nazir müavini iclas iştirakçılarına işğal altındakı regionlarda təhlükəsizlik, humanitar və insan hüquqları baxımından mövcud ağır vəziyyət və işğalçı rejimlərin qanunsuz əməlləri barədə məlumat verib. Məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmasının zəruriliyi xüsusilə qeyd olunub.
Laşa Darsalia, həmçinin Gürcüstanın regionlarının Rusiya tərəfindən işğalını və effektiv nəzarətdə saxlanılmasını təsdiqləyən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına diqqət yönəldib. İclasda Rusiya tərəfindən atəşkəs haqqında 2008-ci ilin 12 avqust razılaşmasının pozulması və Gürcüstan ərazisində effektiv nəzarətin gücləndirilməsi məsələsi bir daha qeyd olunub. Nazirin müavini həmçinin Cenevrə Beynəlxalq Danışıqlarının gedişatına toxunub, Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqliyini təsdiqləyib.
Öz növbəsində, Avropa Şurasının baş katibi Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edib və Avropa Şurasının öz mandatı çərçivəsində icmal hesabatların qəbulu təcrübəsini davam etdirəcəyini təsdiqləyib.
Səfər çərçivəsində Laşa Darsalia Avropa Şurasının baş katibi Alan Berse ilə görüş keçirib. Görüşdə tərəflər Gürcüstan və Avropa Şurası arasında əməkdaşlığın aktual məsələlərini, Gürcüstanın işğal altındakı regionlarında mövcud vəziyyəti və qeyd olunan məsələnin beynəlxalq gündəlikdə fəal şəkildə qorunub saxlanılmasının əhəmiyyətini müzakirə ediblər. Bu kontekstdə Avropa Şurasının baş katibinin icmal hesabatlarının rolu vurğulanıb” – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.