“Starbucks” Gürcüstanda fəaliyyətə başlayır – ilk obyekt 2026-cı ilin yayında Tbilisidə açılacaq
“Starbucks” Gürcüstanda fəaliyyətə başlayır – ilk obyekt 2026-cı ilin yayında Tbilisidə açılacaq

“Starbucks” Gürcüstana daxil olur. Şirkətin bu gün yaydığı məlumata görə, brendin mağazaları Alshaya Group ilə tərəfdaşlıq çərçivəsində açılacaq. Bu şirkət “Starbucks”ın dünyada ən iri lisenziyalı tərəfdaşlarından biridir.

“Bu, həm ‘Starbucks’ın qlobal şəbəkəsinin genişlənməsi, həm də Alshaya Group-un Avrasiya regionunda fəaliyyətinin gücləndirilməsi baxımından mühüm mərhələdir. Layihə yerli məşğulluğun artmasına, eləcə də ölkənin iqtisadi və sosial inkişafına töhfə verəcək. ‘Starbucks’ın ilk obyekti 2026-cı ilin yayında Tbilisidə, İlia Çavçavadze prospektində, Axis Towers-də açılacaq. Sonrakı aylarda isə şəbəkənin genişləndirilməsi Tbilisi ilə yanaşı, Gürcüstanın digər şəhərlərində də planlaşdırılır. ‘Starbucks’ın Gürcüstana daxil olması İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin ‘Produce in Georgia’ agentliyinin, Gürcüstan Xarici İşlər Nazirliyinin, Küveytdəki Gürcüstan səfirliyinin və Gürcüstandakı Türkiyə səfirliyinin dəstəyi ilə həyata keçirilib”, – deyə “Produce in Georgia” tərəfindən yayılan məlumatda bildirilir.

Alshaya Group-da “Starbucks”ın prezidenti Saleh Alshayanın sözlərinə görə, brendin Gürcüstana daxil olması böyük gözləntilərlə müşayiət olunurdu.

“Gürcü qəhvəsevərlərə ‘Starbucks’ı təqdim etməkdən qürur duyuruq. Brendin Gürcüstana daxil olması böyük gözləntilərlə müşayiət olunurdu ki, bu da ölkənin inkişaf etmiş kafe mədəniyyəti və gənc, dinamik istehlak mühiti ilə tam uyğun gəlir. Məqsədimiz odur ki, mümkün qədər çox insan ‘Starbucks’ın yüksək keyfiyyətini və fərqli qonaqpərvərliyini təcrübədən keçirsin, eyni zamanda yerli təchizatçıların inkişafına və Gürcüstanda yeni iş imkanlarının yaranmasına dəstək olaq”, – deyə Saleh Alshaya bildirib.

Eyni zamanda, “Starbucks”ın Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Dankan Moirin sözlərinə görə, şirkət dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərdikdən sonra Alshaya Group ilə tərəfdaşlıq çərçivəsində Gürcüstana daxil olur.

“Artıq biz öz unikal qəhvə təcrübəmizi Gürcüstanda yeni müştərilərə təqdim edə bilərik. Bu addım bizə regionda inkişaf edən qəhvə mədəniyyətinə töhfə vermək, yeni əlaqələr qurmaq və xidmət göstərdiyimiz cəmiyyətlərə investisiya yatırmaq imkanı yaradır”, – deyə o bildirib.

Həmçinin, “Produce in Georgia” agentliyinin direktoru Mixeil Xidurəlinin sözlərinə görə, bir neçə illik aktiv iş nəticəsində, Küveytdəki Gürcüstan səfirliyinin iştirakı və dəstəyi ilə Alshaya Group ilə danışıqlar uğurla başa çatıb və “Starbucks” brendi artıq rəsmi şəkildə Gürcüstan bazarına daxil olur.

“Bu, uzun və intensiv proses idi – şirkətin yüksək səviyyəli nümayəndə heyəti dəfələrlə Gürcüstana səfər edib, agentliklə sıx koordinasiya şəraitində bazarın dərin təhlili aparılıb, məkanlara baxış keçirilib və potensial tərəfdaşlarla görüşlər təşkil olunub. Bu gün artıq konkret nəticəmiz var – dünyanın ən tanınmış brendlərindən birinin ölkəmizə daxil olması yeni iş yerləri yaradacaq, xidmət keyfiyyətini yaxşılaşdıracaq və Gürcüstanın investisiya cəlbediciliyini daha da gücləndirəcək”, – deyə Xidurəli qeyd edib.

Gürcüstan iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvilinin sözlərinə görə, “Starbucks” kimi qlobal brendin ölkə bazarına daxil olması müsbət haldır.

“Bu, mühüm xarici investisiyadır və ən əsası, digər investorlar üçün Gürcüstan bazarına marağın artması baxımından aydın mesajdır. Müxtəlif nüfuzlu reytinqlərə və qiymətləndirmələrə görə, Gürcüstan biznes üçün əlverişli və cəlbedici investisiya mühiti baxımından təkcə geniş regionda deyil, Avropa miqyasında da liderdir. Bu səbəbdən gözləntilərimiz var ki, Gürcüstan yalnız ‘Starbucks’ın deyil, digər tanınmış qlobal brendlərin də maraq dairəsinə düşəcək. Əminik ki, şirkətin ilk obyekti tezliklə şəbəkəyə çevriləcək və Tbilisidə və digər şəhərlərdə uğurla inkişaf edəcək”, – deyə Nadareişvili bildirib.

Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvilinin sözlərinə görə, Xarici İşlər Nazirliyi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Produce in Georgia” agentliyi ilə koordinasiya çərçivəsində xaricdəki diplomatik nümayəndəliklər vasitəsilə qlobal brendlərin Gürcüstana cəlb edilməsi istiqamətində fəal işləyir.

“‘Starbucks’ın Gürcüstana daxil olması bir neçə illik birgə işin yaxşı nümunəsidir və bu hadisə Gürcüstan hökumətinin siyasətinin və yaradılmış mühitin qlobal brendlər üçün getdikcə daha cəlbedici olduğunu göstərir. Nazirlik bu istiqamətdə işi fəal şəkildə davam etdirəcək”, – deyə Xvtisiaşvili bildirib.

Alshaya Group Avrasiyada “Starbucks”ın 800-dən çox obyektini idarə edir – Türkiyə, Qazaxıstan, Azərbaycan və Yaxın Şərq ölkələrində. Ümumilikdə isə şirkətin portfelində 13 bazarda fəaliyyət göstərən 2000 “Starbucks” mağazası var.

“Starbucks” 1971-ci ildən fəaliyyət göstərir və ixtisaslaşmış qəhvə sahəsində dünyanın aparıcı təchizatçılarından biridir. Bu gün şirkətin şəbəkəsi 40 mindən çox obyekti əhatə edir.