Spirtli içkinin məcburi nişanlanması qaydası və forması təsdiqlənib

16:54, 10.11.2026

 

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvilinin 2026-cı ilin 4 noyabr tarixli №2-458 əmri ilə satış üçün nəzərdə tutulmuş, sertifikatlaşdırılmış spirtli içkinin məcburi nişanlanması qaydası və forması təsdiqlənib.

Yeni tənzimləmənin məqsədi spirtli içkinin identifikasiyası, məhsulun izlənilməsinin təmin edilməsi və istehlakçılar üçün bu barədə məlumatın əlçatanlığının artırılmasıdır.

“İstehlakçının nə aldığına əmin olması vacibdir. Spirtli içkinin məcburi nişanlanmasının əsas məqsədi onun saxtalaşdırılmasının qarşısını almaq və istehlakçının etibarını möhkəmləndirməkdir. Bu vasitə sayəsində spirtli içkinin tam izlənilməsi mümkün olacaq, bu da saxtakarlığa qarşı mübarizəyə və istehlakçıların məlumatı asanlıqla əldə etməsinə kömək edəcək” – Milli Şərab Agentliyinin sədri Levan Mexuzla qeyd edib.

Spirtli içkinin nişanı qorunan maddi formada, QR kodu və unikal nömrə ilə olacaq. QR kodu skan etməklə istehlakçı məhsulun adı, kateqoriyası, istehsalçısı, uyğunluq sertifikatı, partiyası və nişanın statusu haqqında məlumat ala biləcək.

Nişanlama prosesi Milli Şərab Agentliyinin elektron sistemi vasitəsilə həyata keçiriləcək. Sistem məhsulun və onunla bağlı məlumatların uçotunu və nəzarətini təmin edəcək.

Nişanlama qaydası 2027-ci ilin fevralın 1-dən qüvvəyə minəcək.

Məlumatı Milli Şərab Agentliyi yayır.

Oxşar