“Spiegel” – Rumıniyada saxlanılan və Berlin yaxınlığındakı gizli yerə silah və hərbi sursat gətirən ukraynalı kişi, istintaqın versiyasına görə, Rusiyanın nəzarətində olan agentura şəbəkəsinin əməkdaşıdır
Rumıniyada saxlanılan və Berlin yaxınlığındakı gizli yerə silah və hərbi sursat gətirən ukraynalı kişi, istintaqın versiyasına görə, Rusiyanın nəzarətində olan agentura şəbəkəsinin əməkdaşıdır – bu barədə “Spiegel” yazır.
Almaniya nəşrinin məlumatına əsasən, saxlanılan şəxs partlayıcı qurğu vasitəsilə terror aktı törətməyi hədəfləyən sui-qəsddə iştirakda şübhəli bilinir.
“Spiegel” Polşa istintaqına istinadən yazır ki, 24 yaşlı ukrayna əsilli kişi keçən ilin oktyabrın 1-də Polşadan Berlinə yola düşüb və Berlinin şərqində yol kənarında qoyulmuş, içərisində odlu silahlar olan iki bağlamanı götürüb. Daha sonra bu silahları Berlinin cənub-şərqində, göllərdən birinin yaxınlığında düzəldilmiş yeraltı gizli yerdə saxlayaraq yenidən Polşaya qayıdıb. Sözügedən şəxs bir qədər əvvəl Buxarestdə başqa bir ukraynalı ilə birlikdə Ukraynanın “Nova Post”u vasitəsilə tərkibində partlayıcı qurğular olan bağlamalar göndərdiyinə görə saxlanılıb.
“Spiegel” Rumıniya kəşfiyyat xidmətinə istinadən yazır ki, şübhəli şəxs və onunla birlikdə saxlanılan ikinci şəxs də hədəfi Avropa ölkələri olan və Rusiya dövlət xidmətləri tərəfindən nəzarət edilən təxribatçılar qrupuna mənsubdurlar.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt keçən həftə verdiyi bəyanatda xarici qüvvələrin iştirakını istisna etməyib və şübhəli şəxsi iyerarxiyadan irəli gələrək kifayət qədər məlumatlandırılmayan “aşağı rütbəli agent” adlandırıb. Onun sözlərinə əsasən, şübhəli şəxs partlayıcı qurğu vasitəsilə terror aktının hazırlanmasında köməklik göstərdiyinə görə saxlanılıb. Aleksandr Dobrindt onun Almaniyaya ekstradisiya olunması məsələsinin nəzərdən keçirildiyini bildirib.