„Spiegel“ – Donald Trampın məsləhətçilərinin şəxsi məlumatları internetdə mövcuddur
„Spiegel“in məlumatına əsasən, Donald Trampın məsləhətçilərinin şəxsi məlumatları internetdə mövcuddur. Nəşr yazır ki, kommersiya axtarış xidmətləri və haker hücumlarından sonra internetə düşmüş məlumat bazaları vasitəsilə mobil telefon nömrələrinin, elektron poçt ünvanlarının və bəzi hallarda Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts, ABŞ-nin milli kəşfiyyatının rəhbəri Tulsi Qabard və müdafiə katibi Pit Heqsetin istifadə etdiyi şifrələrin tapılması mümkündür.
Alman nəşri yazır ki, əksəriyyəti hələ də aktiv olan telefon nömrələri və elektron poçt ünvanları, bəzi hallarda “Instagram” və “LinkedIn” profiləri, “Dropbox” xidməti və eləcə də istifadəçilərin yer məlumatlarına çıxışı olan tətbiqlər üçün istifadə olunurdu.
Nəşrdə həmçinin qeyd olunur ki, Qabardın və Uoltsun nömrələri “WhatsApp” və “Signal”ın messencerlərinin hesabları ilə əlaqəli olub.
„Spiegel“ yazır ki, Tramp administrasiyasının hər üç rəsmi şəxsinə sorğu göndərilib, amma hələlik şərh alınmayıb.
ABŞ-nin Milli Təhlükəsizlik Şurasından bəyan ediblər ki, Mayk Uoltsun alman jurnalının haqqında yazdığı hesabları və şifrələri 2019-cu ildə dəyişdirilib.