Sosialist partiyasının prezidentliyə namizədi Aleksandre Stoianoqlo Maia Sanduya debatları neytral platformada keçirməyi təklif edib

17:48, 21.10.2024

 
Sosialist partiyasının prezidentliyə namizədi Aleksandre Stoianoqlo mətbuat konfransında çıxışı zamanı Maia Sanduya debatı “neytral platforma”da keçirməyi təklif edib.

O deyib ki, bu, vətəndaşlara “balanslı, düşünülmüş və məsuliyyətli qərarlar qəbul etməyə” kömək edəcək.

“Maia Sanduya konstruktiv təkliflə müraciət edirəm. Gəlin vətəndaşlara imkan yaradaq ki, bizimlə, proqramlarımızla, hədəflərimizlə, ideyalarımızla bağlı öz nəticələrini azad şəkildə çıxarsınlar. Bunun ən yaxşı yolu debatlardır, lakin hakimiyyətdən asılı media platformasında deyil, neytral platformada. Sizdən və məndən moderatorlar olsun. Əminəm ki, belə yanaşma ilə vətəndaşlarımızın balanslı, düşünülmüş və məsuliyyətli qərarlar qəbul etmək üçün daha çox arqumentləri olacaq. Moldovada qarşıdurmaların və daxili münaqişələrin limiti başa çatıb. Ümumi məqsədlərə nail olmaq üçün birləşməyin və ortaq dil tapmağın vaxtı yetişib” – Aleksandre Stoianoqlo brifinqdə deyib.

Bundan əvvəl Moldovanın hazırkı prezidenti Maia Sandu rəqibini seçkiöncəsi debata dəvət etmişdi.

Son göstəricilərə əsasən, seçicilərin 42,33%-i Maia Sanduya səs verib. Onun rəqibi, Sosialist partiyasının namizədi Aleksandre Stoianoqlo səslərin 26,05%-ni toplayıb. Üçüncü yerdə “Bizim partiya”nın namizədi Renato Usati (13,77%) qərarlaşıb. Qalan namizədlər 6 faizdən az səs toplayıblar.

Oxşar