“Soplis Nobati” – Azərbaycanda tərəfdaşlarımız tərəfindən istehsal edilən südün kiçik bir partiyasını satışdan çıxarırıq; məhsul təhlükəli deyil, lakin ehtimal var ki, bəzi yerli tələblərə cavab verməsin
Bizim üçün, PepsiCo-da, müştərilərimizə təhlükəsiz və keyfiyyətli məhsulların təqdim edilməsi hər şeydən daha vacib və prioritet məsələlərdəndir. Məhz buna görə də, bu gün Qida Təhlükəsizliyi Milli Agentliyindən aldığımız göstərişə münasibət bildirmədən keçə bilmərik. Göstərişə əsasən, tərəfdaşlarımız tərəfindən Azərbaycanda istehsal olunan südün (UHT süd) kiçik bir partiyasını satışdan çıxarırıq, – bu barədə “Soplis Nobati” sosial şəbəkələrdə yaydığı bəyanatda qeyd edir.
“Bildiririk ki, bu məhsul istehlakçı üçün təhlükə daşımır, lakin agentliyin qərarına əsasən, onun bəzi yerli tələblərə cavab vermədiyinə dair ehtimallar mövcuddur.
Texniki tələblərlə bağlı razılaşmazlıqları və qeyri-müəyyənlikləri aradan qaldırmaq məqsədilə müvafiq qurumlarla aktiv dialoq aparırıq ki, hər şey daha aydın və başadüşülən olsun. Maksimum təhlükəsizlik üçün həmin süd partiyası yaxın saatlarda tam şəkildə satışdan yığışdırılacaq. Bununla yanaşı, qeyd olunan Azərbaycanlı tərəfdaşla əməkdaşlığımızı da, bütün texniki məsələlər tam aydınlaşana qədər, dayandırırıq.
Xahiş edirik nəzərə alasınız ki, bu tənzimləmə yalnız Azərbaycanda istehsal olunan kiçik miqdarda ultra-pasterizə olunmuş südə aiddir və Soplis Nobati-nin Gürcüstandakı zavodunda istehsal edilən məhsullara heç bir şəkildə şamil olunmur. Bizim məhsullarımız bütün keyfiyyət və qida təhlükəsizliyi tələblərinə cavab verir və beynəlxalq standartlara tam uyğun gəlir.
Yaranmış anlaşılmazlığa görə üzr istəyirik və sizə söz veririk ki, məsələni ətraflı və səmərəli şəkildə araşdıracağıq,” – deyilir “Soplis Nobati” tərəfindən yayılan bəyanatda.
Bu gün Qida Təhlükəsizliyi Milli Agentliyi məlumat yayıb ki, “Soplis Nobati” süd nümunələrində aflatoksin aşkarlanıb və vətəndaşlara həmin südü istifadə etməmələri tövsiyə olunub. Agentliyin verdiyi məlumata görə, “Soplis Nobati” tərəfindən idxal edilən südün beş nümunəsi bazardan yığışdırılır və möhürlənmə prosesi gedir.