Soçinin Adler rayonunda yerləşən neft bazasında yanacaq çəninə od düşüb. Yanğının səbəbi, ehtimal ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatının qalıqlarının düşməsi olub. Bu barədə məlumatı Krasnodar diyarının qubernatoru “Telegram” kanalında yayıb.
Onun sözlərinə görə, yanğının söndürülməsinə 127 yanğınsöndürən və 35 texnika cəlb olunub.
Soçi meri Andrey Pruşunin hadisəni təsdiqləyib və bildirib ki, dronun qalıqları avtomobil sənayesi kooperativinin ərazisində yerləşən binalara ziyan vurub.
“İlkin məlumata görə, xəsarət alan yoxdur”, – deyə mer bildirib və yerli əhaliyə yanğının söndürülməsi ilə bağlı görüntüləri çəkməməyi və yaymamağı tövsiyə edib.
Rusiya Aviasiya Federal Agentliyi isə məlumat yayıb ki, yanğın səbəbindən Soçi hava limanı müvəqqəti olaraq təyyarə qəbullarını dayandırıb. Sonradan bu məhdudiyyətlər tamamilə aradan qaldırılıb.