Muxrovanidə, mayor Gela Çediya adını daşıyan Xüsusi Əməliyyatlar Komandanlığının bazasında snayperin beynəlxalq kursunun bağlanış mərasimi keçirildi. Tədbirdə Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanı, polkovnik Teimuraz Qlateişvili, komandanlıq nümayəndələri və digər rəsmi şəxslər iştirak etdilər.
Müdafiə Nazirliyinin məlumatına görə, gürcü təlimçilərin rəhbərliyi ilə keçirilən iki həftəlik beynəlxalq kursda Gürcüstan, ABŞ, Böyük Britaniya, Fransa, Rumıniya, Polşa, Belçika və Türkiyənin xüsusi əməliyyat qüvvələrinin nümayəndələri iştirak ediblər. Hərbçilər mürəkkəb relyef şəraitində müxtəlif məsafələrdən atəş təlimləri icra edib və uzaq məsafədən atəş bacarıqlarını təkmilləşdiriblər.
Yekun atışlar məzunlar tərəfindən bazanın poliqonunda keçirilib. Burada onlar snayper tüfəngləri ilə müxtəlif məsafələrdən dəqiqlik və peşəkarlıq səviyyələrini nümayiş etdiriblər.
Tədbirdə məzunlara müvafiq sertifikatlar və döş nişanları təqdim olunub.
Snayper Məktəbinin beynəlxalq kursunun məqsədi NATO üzvü və tərəfdaş ölkələrin hərbi qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı uyğunluq səviyyəsinin artırılması və beynəlxalq təcrübə mübadiləsinin təmin edilməsidir.