Sloveniya Parlamentinin sədri ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçiriləcəyini bildirir
Sloveniya Parlamentinin sədri, “Pravda” partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçiriləcəyini bildirib.
O, müstəqil, “sloveniyapərəst” siyasətə və Lyublyananın maraqlarına xidmət edən qərarlara ehtiyac olduğunu deyib.
“Mənim rusiyapərəst baxışlarım yoxdur, yalnız sloveniyapərəst baxışlarım var. Biz deyirik ki, Sloveniya müstəqil, suveren siyasət yürütməlidir. Xarici hərbi və diplomatik mübahisələrə müdaxiləyə qəti şəkildə qarşıyıq, çünki Sloveniya bundan heç vaxt faydalanmayacaq. Biz xalqa NATO-dan çıxmaqla bağlı referendum vəd etmişik və bu referendumu keçirəcəyik” – Stevanoviç bildirib.
Stevanoviç həmçinin “dünyanın bütün ölkələri, xüsusən də böyük ölkələrlə” əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O bildirib ki, bu, heç vaxt tabeçilik demək olmamalıdır.
“Hamı ilə yaxşı münasibətlər, lakin Sloveniyanın maraqları daxilində” – Sloveniya Parlamentinin spikeri qeyd edib.
“Pravda” partiyası NATO-dan çıxmaqla bağlı referendum keçirilməsini dəstəkləyir, lakin Avropa İttifaqından çıxmaq məsələsində Stevanoviç bunun əhali tərəfindən müsbət qarşılanmayacağını, çünki ölkənin Avropa İttifaqından əhəmiyyətli faydaları olduğunu deyib. O, “Lyublyana yenidən Brüsselin deyil, Sloveniyanın əsas qərar qəbuletmə mərkəzinə çevrilməlidir” deyib.
Müsahibədə Stevanoviç planlaşdırılan xarici səfərlərindən də danışıb. O, ilk növbədə Skopye və Kopenhagenə səfər edəcəyini deyib.
“Qərb və Şərq arasında ucaldılmış divara baxmayaraq, bütün ölkələrlə səmərəli işləmək üçün körpülər qurmaq istəyirəm. Buna görə də tezliklə Moskvanı görməyi də planlaşdırıram” – Stevanoviç qeyd edib.
Stevanoviç ötən həftə Sloveniya Parlamentinin aşağı palatasının sədri oldu.