Slovakiyada Robert Fico-nun təşəbbüsünə etiraz edilib, bu təşəbbüsə görə xaricdə yaşayan vətəndaşlar poçt vasitəsilə səs verə bilməyəcəklər
Slovakiyada keçirilən etiraz aksiyasında vətəndaşlar ölkənin baş naziri Robert Fico-nun təşəbbüsünə etiraz ediblər. Həmin təşəbbüsə əsasən, xaricdə yaşayan Slovakiya vətəndaşlarına poçt vasitəsilə seçkilərdə səs vermək qadağan edilir. Bu barədə məlumatı “Associated Press” yayıb.
Medianın məlumatına görə, seçki qanunvericiliyində dəyişikliklərə qarşı böyükmiqyaslı aksiya Bratislava və Slovakiyanın digər şəhərlərində keçirilib.
Müxalifətin iddiasına görə, Slovakiya hökumətinin təşəbbüsü xaricdə yaşayan pro-Avropa vətəndaşların seçkilərdə iştirakını çətinləşdirməyə yönəlib.
Buna cavab olaraq Slovakiya hökuməti bildirir ki, poçt vasitəsilə səsvermənin ləğvi seçki saxtakarlığı və manipulyasiyaların qarşısının alınmasına yönəlib.
Robert Fico-nun təşəbbüsü təsdiqlənərsə, xaricdə yaşayan Slovakiya vətəndaşları yalnız xarici ölkələrdə yerləşən Slovakiya diplomatik nümayəndəliklərində səs verə biləcəklər.
Qeyd üçün bildirək ki, 2023-cü il parlament seçkilərində poçt vasitəsilə 59 000 Slovakiya vətəndaşı səs verib, bu səslərin 80%-i isə müxalifət partiyalarına verilib.