Slovakiyada müxalifət Robert Fitso hökumətinə etimadsızlıq səsverməsi təyin etməyi planlaşdırır

20:15, 14.01.2025

 
Slovakiyada müxalifət baş nazir Robert Fitso hökumətinə etimadsızlıq səsverməsi təyin etməyi planlaşdırır. Bu barədə müxalifət partiyaları mətbuat konfransında bildiriblər.

Onlar səsverməni yaxın günlərə təyin edəcəklərini deyiblər. Müxaliflər Robert Fitsonu ölkənin xarici siyasətini Rusiyaya yaxınlaşdırmaqda günahlandırır və onun daxili problemlərin öhdəsindən gələ bilmədiyini bildirirlər.

Robert Fitso keçən ay Moskvada olub və Vladimer Putinlə qazın Slovakiyaya tranzitini müzakirə edib.

“Robert Fitso Slovakiyanı tərk edib. Vətənində qalıb problemlərin həlli üzərində işləmək əvəzinə, o, dünyanı gəzir və diktatorlara təzim edir” – ən böyük müxalifət partiyası olan “Tərəqqiçi Slovakiya”nın lideri Mixal Şimeçka mətbuat konfransında bildirib.

Robert Fitsonun koalisiyası 150 yerlik parlamentdə 76 yerə sahibdir. Müxalifətə hökumətə etimadsızlıq göstərməsi üçün səs çoxluğu lazımdır. Slovakiya hökuməti hazırda yüksək büdcə kəsiri, səhiyyə sistemində problemlər və Ukraynadan keçməklə rus qazının tranzitinin dayandırılması kimi ciddi daxili problemlərlə üzləşib və bu, Fitsonun sözlərinə əsasən, Slovakiya iqtisadiyyatına ziyan vurub. Slovakiyanın Baş naziri bildirib ki, Ukraynadan keçməklə qaz nəqlinin dayandırılması ölkəyə 1,5 milyard avro ziyan vuracaq.

Oxşar