Slovakiya Parlamenti yalnız iki cinsi tanıyan və evli olmayan cütlüklər tərəfindən övladlığa uşaq götürülməsini, eləcə də surroqat analığın qadağan edilməsini nəzərdə tutan konstitusiyaya düzəlişləri təsdiqləyib
Slovakiya Parlamenti yalnız iki cinsi tanıyan konstitusiyaya düzəlişləri təsdiqləyib.
Dəyişikliklər, həmçinin evli olmayan cütlüklər tərəfindən övladlığa uşaq götürülməsini və surroqat analığı qadağan edir.
Robert Fitso hökumətinin izahatına əsasən, konstitusiyaya düzəlişlərin məqsədi ənənəvi dəyərləri gücləndirməkdir.
Ədliyyə naziri Boris Suskonun bəyanatına əsasən, bu dəyərlər konstitusiyanın preambulasından irəli gəlir və nikahın kişi ilə qadının birliyi kimi tanınması ilə bağlıdır.
“Fundamental dəyərlərlə bağlı məsələlərdə milli qanunvericilik Slovakiya Respublikasının bağlı olduğu beynəlxalq müqavilələrdən üstün olmalıdır. Bu, sağlam düşüncədir” – Slovakiyanın Baş naziri Robert Fitso mətbuat konfransında bildirib.
“Amnesty İnternational” və Venesiya Komissiyası da daxil olmaqla bir neçə təşkilat Slovakiyanın konstitusiyaya düzəlişləri, xüsusən də Slovakiya milli qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyindən üstün olması ilə bağlı narahatlığını ifadə edib. “Amnesty İnternational” qərarın qəbulunu Slovakiya üçün “qara gün” adlandırıb və bunun insan hüquqlarına qarşı addım olduğunu bildirib.