Slovakiya hökuməti 16 yaşına qədər uşaqlar üçün sosial şəbəkələrdən istifadənin qadağan edilməsini planlaşdırır
Slovakiya hökuməti 16 yaşına qədər uşaqlar üçün sosial şəbəkələrdən istifadənin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Hakimiyyətin bəyanatına əsasən, məqsəd uşaqlarda asılılıq və sosial təzyiq risklərini azaltmaqdır.
Qanun layihəsi təsdiqlənəcəyi təqdirdə, 16 yaşdan kiçik uşaqlara sosial şəbəkə hesabları yaratmaq qadağan ediləcək, platformalar isə istifadəçinin yaşını təsdiqləməsini tələb etməli olacaqlar.
Sənəddə qeyd olunur ki, təşəbbüs onlayn texnologiyaların və sosial şəbəkələrin artan təsiri ilə bağlıdır. Slovakiya hökumətinin qiymətləndirməsinə əsasən, uşaqlar alqoritmlər tərəfindən təklif olunan məzmuna, sosial təzyiqə və manipulyativ təcrübəyə qarşı xüsusilə həssasdırlar. Həmçinin asılılıq, dezinformasiya və radikallaşma təhlükəsi də artır.
Avropanın bir neçə ölkəsi artıq sosial şəbəkələrin istifadəsinə yaş məhdudiyyətlərinin tətbiq edilməsi planlarını elan edib, bəzi ölkələrdə isə yetkinlik yaşına çatmayanlar üçün hesabın yaradılması valideynin razılığını tələb edir.