“Sky News”un məlumatına görə, ABŞ tərəfindən buraxılan mərmi Buşehr Atom Elektrik Stansiyasının ərazisinə düşüb

16:35, 09.07.2026

ABŞ tərəfindən buraxılan mərmi Buşehr Atom Elektrik Stansiyasının ərazisinə düşüb. Bu barədə “Sky News” İranın dövlət mediasına istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Buşehr vilayətində bir neçə hədəfə zərbələr endirib. Bildirilir ki, vilayətdə səhər saatlarında da partlayış səsləri eşidilib.

Xatırladaq ki, bu ilin mart ayında Buşehr nüvə obyekti ABŞ və İsrailin birgə zərbələrinin hədəfi olmuşdu. Həmin vaxt Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfləri xəbərdar etmişdi ki, bu cür hücumlar “genişmiqyaslı radioloji qəza”ya səbəb ola bilər. Buşehr İranın ilk atom elektrik stansiyasıdır. O, 2011-ci ildə istismara verilib və Rusiyada istehsal olunan uran yanacağı ilə işləyir.

İran isə hücumlara cavab olaraq Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirir. “Sky News”un məlumatına görə, İrandan buraxılan raketlər ölkənin hava məkanında qeydə alındıqdan sonra İordaniyada hava həyəcanı elan olunub.

İordaniya hökumətinin sözçüsü bildirib ki, bütün raketlər zərərsizləşdirilib. O əlavə edib ki, ölkənin silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir və istənilən təhlükəyə cavab verməyə hazırdır.

Son iki gecə ərzində ABŞ-ın endirdiyi zərbələrə cavab olaraq İran Fars körfəzi ölkələrində, o cümlədən Küveyt, Bəhreyn və Qətərdə yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirib.

Oxşar