"Sky News" - Ukraynanın müttəfiqləri atəşkəs olacağı təqdirdə, Rusiyaya qarşı sanksiyaları yüngülləşdirməyi nəzərdən keçirirlər
Ukraynanın müttəfiqləri atəşkəs olacağı təqdirdə, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları yüngülləşdirməyi nəzərdən keçirirlər – bu barədə məlumatı “Sky News” Avropa İttifaqı Şurasındakı mənbəsinə istinadən yayır.
Mənbənin məlumatına əsasən, Ukraynanın müttəfiqləri Ukraynadakı cari müharibədə tam atəşkəsə nail olunacağı təqdirdə, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların mərhələli şəkildə yüngülləşdirilməsi imkanını öyrənirlər.
“Sky News”un məlumatına əsasən, onlar ümid edirlər ki, 15 günlük atəşkəsin elan olunması dərhal mümkün olacaq. Lakin, “döyüş əməliyyatlarında daha strukturlaşdırılmış fasilə əldə olunana qədər” bu müddətdə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar qüvvədə qalacaq.
Paralel olaraq, “Sky News”un mənbəsinin məlumatına əsasən, İtaliya hökuməti Avropanın Ukrayna ətrafında davam edən müzakirələrə daha çox qoşulmasını tələb edir.
“Onlar Avropa ölkələrindən hərbi xərcləri artırmağı xahiş edirlər, ona görə də biz bu qərarlarda iştirak etməliyik” – italiyalı diplomat bildirib.