Skot Besent - İndi zamanıdır, avropalı tərəfdaşlar ya hərəkətə keçməli, ya da susmalıdırlar
İndi zamanıdır, avropalı tərəfdaşlar ya hərəkətə keçməli, ya da susmalıdırlar – bu barədə ABŞ-nin Xəzinədarlıq Departamentinin rəhbəri Skot Besent “Fox News”a müsahibəsində deyib.
Jurnalist Besentdən soruşub – “Siz dediniz ki, prezident Tramp sanksiyalarla bağlı Putinə çox aydın mesaj göndərməyə hazırdır. Siz həmçinin Avropanı Vaşinqtonun rus neftini hələ də alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək haqda təşəbbüsünü dəstəkləməyə çağırırsınız. Bu söhbətdən nə gözləyirsiniz və indi bu məsələ ilə bağlı avropalı liderlərə nə deyərdiniz?”
“Burada iki hissə var, birincisi, prezident Trampın danışıqlar strategiyası var. Son bir neçə həftə və gün ərzində prezident bunun üçün çoxlu addımlar atıb. Belə ki, o, bu dialoqa çox güclü mövqe ilə girəcək. İkincisi, demək istəyirəm ki, indi zamanıdır, avropalı tərəfdaşlar ya hərəkətə keçməli, ya da susmalıdırlar. Onlar hələ də deyirlər: Amerika bunu etməlidir, Amerika onu etməlidir. Prezident Tramp rus neftinə görə Hindistana ikinci dərəcəli sanksiyalar və ya ikinci dərəcəli rüsumlar tətbiq edib, avropalılar isə bunu hələ etməyiblər. Üstəlik, avropalılar hindistanlıların istehsal etdiyi emal olunmuş neft məhsullarını alırlar. Ona görə də koordinasiya lazımdır. Əgər biz prezident Trampa maksimum təsir imkanı verəcək vahid cəbhəyə malik olmaq istəyiriksə, o zaman düşünürəm ki, avropalı tərəfdaşlar öz töhfələrini verməlidirlər” – ABŞ-nin Xəzinədarlıq Departamentinin rəhbəri bildirib.